
Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi 5 iyulda Bişkek şəhərində yerləşən “Kombinat Plur”, “Nox” və “Kats” adlı gecə klublarında reyd keçirib. Rəsmi məlumatlara görə, bu klublarda gənclərin LGBT icmasına cəlb edildiyi və psixotrop maddələr saxlandığı iddia olunub. “Kombinat Plur” və “Kats” klubları bağlanaraq möhürlənib. Bu haqda Kaktus Media məlumat yayıb.
Qurumun yaydığı açıqlamada bildirilib: “Seks işçiliyi və qeyri-ənənəvi yönlü fahişəlik üçün şərait yaratmaq, əxlaqsızlıq yuvası təşkil etməyə bərabərdir və bu, cinayət məsuliyyəti yaradır”. Komitə həmçinin qeyd edib ki, reyd zamanı “apteklərdən əldə edilə bilən narkotiklər” aşkarlanıb.
“Nox” klubunda da ağ toz tapılsa da, obyektin sahibi və administratoru ilə sadəcə “maarifləndirici və profilaktik söhbət” aparıldığı deyilir.
Qırğızıstanda LGBTQ+ icmasına qarşı hüquqi və sosial təzyiqlər yeni deyil. 2023-cü ilin avqustunda Prezident Sadır Caparov uşaqlara və gənclərə “ənənəvi olmayan münasibətlərin” təbliğini qadağan edən qanun imzalayıb. Qanun eyni zamanda narkotik və seks işçiliyi mövzularını da əhatə edir.