
Almaniya Federal Məclisinin rəhbərliyi deputatlara ofislərində göy qurşağı bayrağı asmağı qadağan edib. Almaniyanın Der Tagesspiegel qəzetinin məlumatına görə, Bundestaq İdarəsi daxili nizamnaməyə əsaslanaraq deputatlara xəbərdarlıq verib. Bildirilib ki, rəsmi binalarda yalnız dövlət bayraqlarının asılmasına icazə verilir. Göy qurşağı bayraqları isə bu qaydaya uyğun olmadığı üçün həm ofis pəncərələrindən, həm də Bundestaq binasından yığışdırılmalıdır.
Qərar bəzi deputatların etirazına səbəb olub. Sol Partiyanın üzvü Stella Merendino sosial şəbəkə hesabından bildirib ki, onun ofisindəki bayraq səbəbilə binaya Federal Polis çağırılıb. O, bunun LGBTİ+ icmasına və azlıqlara qarşı sistemli təzyiqlərin göstəricisi olduğunu deyib.
Bundestaqın yeni sədri, Xristian-Demokrat İttifaqının üzvü Julia Klöckner əlavə qərarla elan edib ki, göy qurşağı bayrağı bundan sonra yalnız 17 may günü ( Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı gün) münasibətilə asıla bilər. Əvvəlki illərdə isə bayraq iyun ayı boyunca, yəni Qürur Ayı çərçivəsində Bundestaq binasında dalğalanırdı.
Almaniyanın baş naziri Friedrich Merz qərarı müdafiə edərək bildirib ki, Bundestaq “istənilən vaxt istənilən bayrağın asıldığı bir sirk çadırı deyil”.
Qərar ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb və hu hal əlehinə imza kampyaniyası başladılıb. Change.org platformasında başladılan petisiyaya 220 mindən çox insan imza atıb. Petisiyada bildirilir ki, bayrağın qadağan edilməsi Julia Klöcknerin azlıqlara qarşı siyasi mövqe sərgiləməsidir.
Beynəlxalq insan haqları təşkilatları göyqurşağı bayrağını təkcə siyasi deyil, bərabərlik və təhlükəsizlik simvolu kimi dəyərləndirir. Ekspertlərin fikrincə, bu tip qadağalar LGBTİ+ icmasının ictimai məkanlardakı görünürlüğünü azaldır və Avropada sağ-populist mövqelərin güclənməsinə xidmət edir.