İsrailin hava hücumu nəticəsində İranda 100-dən çox trans məhbus itkin düşüb

İsrailin hava hücumu nəticəsində İranda 100-dən çox trans məhbus itkin düşüb
The New York Times

İranın paytaxtı Tehranda yerləşən və siyasi məhbuslara qarşı işgəncələrlə tanınan Evin həbsxanası iyunun 23-də İsrailin hava hücumuna məruz qalıb. Hücum zamanı həbsxananın “trans kalonu” (trans məhbuslar üçün nəzərdə tutulan hissə, bölmə) tamamilə dağılıb. The New York Timesın məlumatına görə, bu hücumdan sonra 100-dən çox trans və qeyri-binar məhbus itkin düşüb. Hazırda onlar ölü hesab olunurlar.

Evin həbsxanasının işgəncə tarixi

1972-ci ildə açılmış Evin həbsxanası İran rejiminin ən məşhur və amansız həbs müəssisəsidir. Burada illərdir siyasi fəallar, jurnalistlər, akademiklər və xarici ölkə vətəndaşları saxlanılıbz Həbsxana uzun müddət döyülmə, işgəncə, təkadamlıq kameralar, cinsi zorakılıq və ağır şəraitlərlə bağlı tənqid olunub.

İsrailin hücumundan bir müddət əvvəl isə Evin həbsxanasının müşahidə kameralarına sızan hakerlər tərəfindən yayımlanan videolar trans məhbusların necə qeyri-insani şəraitdə saxlanıldığını üzə çıxarıb. Görüntülərdə təkadamlıq kameralarda aylarla, bəzən illərlə günəş işığı görmədən saxlanılan translar, tibbi laqeydlik, psixoloji təzyiqlər və intihar halları əks olunub. Keçmiş məhbusların sosial mediada paylaşdığı məlumatlara görə, bu bölmədə cinsi zorakılıq halları da geniş yayılıb və bir neçə dəfə bu hal intiharlara da səbəb olub.

“6Rang” insan haqları təşkilatının apardığı araşdırmaya görə, trans məhbuslar “trans kalonu”na gətirilməzdən əvvəl aylarla karantin adlanan 240-cı bölmədə təkadamlıq kameralarda saxlanılır və yalnız bir neçə dəfə açıq havaya çıxmağa icazə verilirmiş. Bu şərait bir çox məhbusda görmə zəifliyi, sümük problemləri və digər fiziki fəsadlara səbəb olub.

Hücumdan sonra bildiyimiz rəsmi məlumatlar

İsrailin Evin həbsxanasına hücumu iyunun 23-də, yəni İranla İsrail arasında 12 gün davam edən hərbi qarşıdurmanın sonuna bir gün qalmış baş verib. İran məhkəmə sözçüsü Əsğər Cahangir hücumda ümumilikdə 71 nəfərin öldüyünü açıqlayıb. Ölənlər arasında məhbuslar, nəzarətçilər, ziyarətə gələn ailə üzvləri və yaxınlıqda yaşayan insanlar da olub.

Lakin The New York Timesın məlumatına görə, bu rəqəmlər yalnız rəsmi itkiləri əhatə edir. Trans bölməsinin tamamilə məhv olması ilə birlikdə təxminən 100 trans məhbusun taleyi naməlumdur.

İnsan haqları müdafiəçisi Rza Şəfəxah bildirib ki, İran hökuməti translığı çox zaman cinayət kimi görür və bu yanaşma transların həm cəmiyyətdə, həm də həbsxana sistemində ciddi şəkildə təcrid olunmasına səbəb olur.

Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi başda olmaqla bir çox tanınmış fəallar bu hücumu açıq-aşkar “hərbi cinayət” adlandırıb:

“Trans məhbuslara qarşı həm İranın daxilində sistematik təzyiqlər, həm də müharibə cinayətlərinə görə regionda transların və ümumilikdə LGBTQ+lərin hansı miqyasda zorakılıq və ölüm riski altında olduğunu bir daha göstərib.”

İstinadlar: [1], [2], [3]

Paylaş