Aytac Tapdıq və həbsdəki jurnalistlər qapılara şüar yapışdırıb: Zorakılığın bəraəti olmur

Aytac Tapdıq və həbsdəki jurnalistlər qapılara şüar yapışdırıb: Zorakılığın bəraəti olmur

Aytac Tapdıq həbsdə qələmə aldığı növbəti məqaləsində 25 Noyabr ilə bağlı yazır. Onun məqaləsini olduğu kimi təqdim edirik:

25 noyabr – Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü

Əzələ gücü ilə ayaqda duran sistem hər vəchlə baş qaldıran, etiraz səsini sükuta boğmayan adamların qarşısında əslində acizdir. Çünki tikanlı məftilləri dəlib keçə bilir azad ruhlu insanın səsi.

Rejim əl dəyişdirir, bayırda Azərbaycan vətəndaşlarının başı üzərində silkələnən polis gücü həbsxana daxilində ədliyyə zülmü ilə əvəzlənir. Haqq davası döyüb, ləyaqətli münasibət tələb edən məhbuslara qarşı repressiya davam edir. Dövlət baba balaca uşaqtək səni itaətkar, daim möhtac görmək istəyir.

Hicab qadağasına görə tutulan inanclı qadınlar təcridxanaya gətirildikləri zamandan etibarən rəhbərlikdəki şəxslərlə problem yaşadılar. Şərin təbiətinə bələd olduqlarından kimsəyə etibar etmirdilər, səsləri daim gur çıxırdı. Təkcə öz qayğıları ilə bağlı deyil, şikayəti olan digər məhbusların da harayına çatır, səsinə səs verirdilər. Şərlənərək həbs olunmaqları hökumətə yetmədi, susmadıqları üçün sürgünə göndərildilər. Hər ikisi də Bakı qeydiyyatında olmasına rəğmən Lənkəran Penitensiar Kompleksinə köçürüldü.

Ünləri heç yerə çatmasın deyə təcriddən ağır təcridə göndərildilər. Əliyev hakimiyyəti üsyancı qadınlar üçün belə həll yolu tapır.

20 noyabr saat 17-18:00 arası qarmoşkalarımız bağlandı, inanclı qadınlara qəfildən bütün əşyalarını yığmaq, kameranı boşaltmaq tapşırıldı. Penitensiar Xidmət əməkdaşları nə hikmətsə məhkəmə qərarını öncədən bilmişdilər. İş vaxtı bitəndən sonra tələsik keçirilən Xəzər Rayon Məhkəməsinin qərarı ilə inanclı qadınlar Lənkəran Penitensiar Kompleksinə göndərildi. PX-in hazır gözləyən əməkdaşları qadınları sürüyərək maşına mindirib o axşam uzun bir yola çıxardı. Orada olmasam da əminəm ki, həbs olunan valideynlərin etiraz səsi ilə müşayiət olunub o yol.

Ardınca Tibbi Sanitar Hissədə saxlanılan digər 2 inanclı qadın din bacılarının zorla aparıldıqlarına görə dəhlizdə yerə oturaraq aksiya keçirdi. Və səhəri günü Fatimə Mövlamlının yazısında olduğu kimi işgəncə kralı kimi tanınan Cavid Güləliyevin cinsi qısnamasına, pis rəftara məruz qaldılar. Bütün bunları medianın gözü qarşısında etməkdən də çəkinmədilər…

Mesaj çox açıqdır: Zülmə boyun əyməyən, içəridə və ya bayırda fərq etməz, sükutu pozan hər kəs cəzalanacaq. Ancaq 25 Noyabr Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günündə qadınların da veriləcək mesajı var. BİT-də saxlanılan biz jurnalistlər bu gün kameralarımızın qapılarına bu şüarları yapışdırmışıq:

“Ədliyyə sistemi zorbalığa hamilədir”,
“Şərlə döyüş alnımıza yazılıb”,
“Zorakılığın bəraəti olmur” və s.

Əliyev hakimiyyəti bilsin ki, biz jurnalistlər haqsızlığa məruz qalan hər kəsimin yanındayıq. Xaos salmağa davam edəcəyik, çünki bu nizamdan çox narazıyıq.

Paylaş