Azərbaycanda qadınlarla kişilər arasında əməkhaqqı fərqi yalnız gəlir bərabərsizliyi ilə məhdudlaşmır. Bu vəziyyət qadınların iqtisadi müstəqilliyinə, sosial təminatına və əmək bazarında bərabər imkanlara çıxışına da təsir göstərir.
2025-ci ilin statistikasına görə, Azərbaycanda kişilərin ortaaylıq nominal əməkhaqqı 1 264 manat, qadınların isə 874,6 manat olub. Beləliklə, kişilər qadınlardan təxminən 45 faiz çox əməkhaqqı alıblar.
Əməkhaqqı bərabərsizliyi qadınların iqtisadi asılılığını gücləndirən amillərdəndir. Daha aşağı gəlir qadınların müstəqil mənzil əldə etmək, yığım etmək və öz maliyyə qərarlarını vermək imkanları məhdudlaşır. Bu vəziyyət xüsusilə iqtisadi zorakılığa və məişət zorakılığına məruz qalan qadınların zorakı münasibətlərdən ayrılmasını çətinləşdirir. Qadınların öz gəlirlərinin olmaması və ya gəlirlərinin müstəqil yaşamaq üçün kifayət etməməsinin onları zorakılıq törədən şəxsdən asılı vəziyyətdə saxladığı nümunələri dəfələrlə görmüşük. Nəticədə qadınlar zorakılıqla üzləşdikləri münasibətləri tərk etmək, təhlükəsiz yaşayış yeri tapmaq və hüquqi müdafiə mexanizmlərindən istifadə etməkdə çətinlik çəkirlər. Beləliklə, iqtisadi bərabərsizlik məişət zorakılığının davam etməsi üçün zəmin yaradan struktur amillərdən birinə çevrilir. Digər tərəfdən, qadınlar əmək bazarında daha az gəlir əldə etməklə yanaşı, ev işlərinin, uşaqlara və yaşlılara qulluğun da böyük hissəsini ödənişsiz yerinə yetirirlər. Cəmiyyətdə əsasən qadınların üzərinə qoyulan bu məsuliyyət onların əmək bazarında iştirakına, karyera inkişafına və daha yüksək gəlirli işlərə çıxışına maneələr yaradır.
Əməkhaqqı fərqi qadınların gələcək sosial təminatına da təsir edir. İş həyatında daha az gəlir əldə edən və qayğı məsuliyyətinə görə əmək fəaliyyətində fasilələr verən qadınların pensiya gəlirləri də aşağı olur. Bu isə yaşlı qadınlar arasında yoxsulluq riskini artırır.
Bundan əlavə, qadınların daha çox təmsil olunduğu təhsil, səhiyyə və sosial xidmət sahələrində əməyin aşağı qiymətləndirilməsi gender əsaslı əmək bölgüsünü möhkəmləndirir. Rəhbər vəzifələrdə və yüksək gəlirli sektorlarda qadınların daha az təmsil olunması da bu bərabərsizliyin davam etməsinə şərait yaradır. Beləliklə əməkhaqqı fərqi ayrı-ayrı qadınların gəlirlərinə təsir edən iqtisadi göstəricidən daha geniş problemdir. Bu bərabərsizlik qadınların iqtisadi müstəqilliyini zəiflədir, sosial müdafiə imkanlarını məhdudlaşdırır və gender əsaslı güc münasibətlərinin davam etməsinə şərait yaradır.

