Amnesty International Azərbaycanla bağlı hesabatında kuirlərə də toxunub

Amnesty International Azərbaycanla bağlı hesabatında kuirlərə də toxunub

Azərbaycanda insan hüquqları müdafiəçiləri, jurnalistlər, müxalif fəallar və elm adamları da daxil olmaqla 300-dən çox şəxs siyasi motivli ittihamlarla həbs olunub. Müstəqil qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti təşəbbüsləri və müstəqil media qurumları isə sərt məhdudiyyətlər, təzyiqlər və cinayət təqibləri ilə üzləşib. Bu haqda Aprelin 21-də  “Amnesty International” beynəlxalq insan haqları təşkilatının 2025-ci ilə aid Azərbaycanla bağlı yayımladığı hesabatında deyilir.

Hesabatda qadınlar və LGBTQ+ icmasına qarşı ayrı-seçkiliyin, gender əsaslı zorakılığın və dövlət tərəfindən təqiblərin davam etməsi haqda da vurğulanıb. 2025-ci ilin 8 mart tarixində LGBTQ+ fəalı Rauf Heydərov Bakıda tək adamlıq etiraz aksiyası keçirdikdən sonra 30 sutkalıq inzibati həbsə məhkum edilib.

Noyabrdın 4-də Bakıda LGBTQ+ icmasında “Rüzgar” adı ilə tanınan Yasin İbadov bıçaqlanaraq qətlə yetirilib. Qətl Rüzgarın cinsi oriyentasiyası səbəbilə əvvəllər də ona qarşı hədə qorxu etmiş qohumu tərəfindən törədilib. Şahidlərin sözlərinə görə, polis və təcili yardım hadisə yerinə gec gəlib.

2025-ci il ərzində korrupsiya və ya insan hüquqları pozuntularını araşdıran jurnalistlər təqib olunub, onlara qaçaqmalçılıq, çirkli pulların yuyulması, vergidən yayınma və “qanunsuz sahibkarlıq” kimi saxta ittihamlar irəli sürülüb. Təxminən 30 jurnalist hələ də həbsdə və ya uzunmüddətli istintaq təcridxanasında saxlanılır.

Fevral ayında prokurorluq 2014-cü ildən qalan və vətəndaş cəmiyyəti qruplarına qarşı açılmış cinayət işini yenidən bərpa edib. Mart ayında isə polis reydləri keçirilib və bir neçə vətəndaş cəmiyyəti nümayəndəsi saxlanılıb. Məhkəmələr maliyyə cinayətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı saxta ittihamlar əsasında onların həbs qətimkan tədbirinin uzadılması barədə qərar verib. Saxlanılan şəxslərin ciddi sağlamlıq problemlərinin olmasına baxmayaraq ev dustaqlığına buraxılma ilə bağlı vəsatətləri isə dəfələrlə rədd edilib.

Hesabatda bildirilir ki, ən azı 50 vətəndaş cəmiyyəti fəalı şahid və ya şübhəli qismində dindirilib ki, bu da cəmiyyətdə qorxu və senzura mühitini daha da gücləndirib. Sərbəst toplaşmaq azadlığı ciddi və əsassız məhdudiyyətlərlə üzləşib, hakimiyyət isə dinc etirazlarda iştirak edən şəxslərin həbsini davam etdirib.

Hesabatda saxlanma yerlərində işgəncə və digər qəddar rəftar halları geniş yayıldığı da qeyd olunur. Döyülmə, təhdid, cinsi zorakılıq, etiraf üçün məcburetmə və tibbi yardımdan imtina kimi hallara dair məlumatlar verilib. Hakimiyyət bu iddialarla bağlı effektiv və müstəqil araşdırmalar aparmadığı və məsul şəxslər cəzalandırılmadığı vurğulanıb.

Hakimiyyət tərəfindən insan haqları pozuntularının qarşısının alınması, araşdırılması və cəzalandırılması üçün tədbirlər görməyib. Bütövlükdə 2025-ci il ərzində insan haqları sahəsində vəziyyətin pisləşməsinə baxmayaraq, Azərbaycan ABŞ və Avropa İttifaqı ilə əlaqələrini daha da gücləndirməyə davam edib.

Paylaş