
Beynəlxalq LGBTQ+ hüquqları platforması All Out, Bakıda kuir icmaya qarşı həyata keçirilmiş polis reydi ilə bağlı beynəlxalq kampaniya başladıb. Kampaniya 27 dekabr tarixində paytaxtda kuir dostu bir gecə klubuna edilən polis reydi zamanı baş verən kütləvi saxlanmalar, alçaldıcı rəftar və zorakılıq iddialarına diqqət çəkməyi hədəfləyir. All Out-un məlumatına görə, həmin gecə 100-dən çox insan polis idarəsinə aparılaraq saatlarla qeyri-insani şəraitdə saxlanılıb, təhqir və qorxuya məruz qalıb.
Paylaşılan şahid ifadələrinə əsasən, saxlanılan şəxslər uzun müddət soyuqda ayaq üstə saxlanılıb, onlara yemək, su, istirahət və tualetdən istifadə qadağan edilib. Polis əməkdaşlarının hərbi tipli əmrlər verdiyi, təhqiramiz ifadələr işlətdiyi və insanları qorxutduğu bildirilir. Bəzi şəxslərin telefonları müsadirə olunub, şəxsi mesaj və fotoları yoxlanılıb, hətta intim görüntülərin icazəsiz şəkildə köçürüldüyü iddia edilir. Saxlanılanlardan biri nəzarət altında olarkən qıcolma keçirib, lakin tibbi yardım tələbləri lağa qoyulub; başqa bir şəxs isə alçaldıcı rəftara etiraz etdikdən sonra döyüldüyünü bildirib.
All Out vurğulayır ki, reyd “ictimai təhlükəsizlik” və ya narkotik ittihamları ilə əsaslandırılsa da, heç bir sübut təqdim edilməyib. Buna baxmayaraq, saxlanılanların hamısı xırda inzibati xəta ilə cərimələnib. Platforma xatırladır ki, Azərbaycanda homoseksuallıq cinayət deyil, lakin LGBTQ+ şəxslər hələ də polis zorakılığı və təqib qorxusu ilə yaşayır. Bir çox zərərçəkən şikayət verməyə cəsarət etmir, çünki repressiya və təzyiqdən ehtiyat edir.
All Out baş verənləri insan ləyaqətinin və fundamental hüquqların kobud pozuntusu kimi qiymətləndirir və Azərbaycan dövlətini məsuliyyətə çağırır. Platforma təcili və müstəqil araşdırma, zorakılığa görə məsul şəxslərin cavabdehlik daşıması və zərərçəkənlərin, eləcə də onları dəstəkləyənlərin təhlükəsizliyinə dair aydın təminatlar tələb edir. Kampaniyanın əsas mesajı aydındır: insan ləyaqəti seçim deyil və polis gücü cəmiyyətləri qorxutmaq üçün deyil, qorumaq üçün mövcuddur.
