Polis gey gənci saxlayaraq qanunsuz işbirliyi təklif edib

Polis gey gənci saxlayaraq qanunsuz işbirliyi təklif edib
Foto: Avtosfer.az

Bakıda 22 yaşlı gey küçədə polis tərəfindən saxlanılıb. Qıy Vaar!-a danışan Azad (ad şərtidir) hadisənin 2 gün öncə axşam saatlarında baş verdiyini bildirir. Onun sözlərinə görə, saxlanılma hadisəsi o, evdən çıxıb marketə gedərkən küçədə baş verib.

“Yol üstündə bir post patrul avtomobilinin dayandığını gördüm. Elə həmin vaxt polislər mənə yaxınlaşıb söhbət etməyə başladılar. Yəqin ki, görkəmimdən kuir olduğumu seçmişdilər deyə. Mən onların davranışlarından şübhələndiyim üçün telefonla çəkilişə keçməyə çalışdım. Bu zaman isə onlar zorakılıqla məni avtomobilə mindirdilər. Həmin vaxt polislərin dırnaqları mənim əlimə batdı, xəsarətlər aldım” – o, deyir.

Azad deyir ki, onu səhərədək saxlayıblar. Ona seks işçiliyi etməyə başlamasını, görüşə çağıracağı oğlanları isə polislərə satmasını təklif ediblər.

“Dedilər ki, beləcə həm özün pul qazanarsan, həm də biz pul qazanarıq” – Azad əlavə edir.

Zərərçəkənin sözlərinə görə, o, israrla seks işçiliyi etməyəcəyini dedikdən sonra bu təkliflərdən əl çəkiblər, lakin onu sərbəst buraxmaq istəməyiblər. Ondan sərbəst buraxılmaq müqabilində birinci 200 manat, sonra isə 100 manat verməyi tələb ediblər. Azad isə pulu olmadığı üçün onlara heç nə verə bilməyəcəyini dedikdə ondan dostlarına zəng edərək pul tapmağını istəyiblər.

Səhərədək Azad nə pul vermək, nə də pul tapmaq istədiyini israrla bildirdikdən sonra onu sərbəst buraxıblar.

Qeyd edək ki, Azərbaycanda bu kimi hallar mütəmadi baş verir. Tez-tez polisin LGBTQ+ gənclərə tanışlıq saytları vasitəsi ilə yazıb tanış olduğu, görüşərkən isə onları saxladığı ictimailəşir. Bu kimi hallarda kuir gənclərə seks işçiliyi edərək müştərilərini polisə satmaq təklifləri edilir və ya ailələrinə xəbər vermək təhdidi ilə onlardan pul alınır.

Qıy vaar! polis tərəfindən saxlanılan gənci tanıyır, real hadisə olduğuna əmindir, zərərçəkənin təhlükəsizliyi üçün anonimliyi qorumaqla bu xəbəri verir.

Paylaş