9-cu mikrorayonda yerləşən AL Market filialında iki kuir müştərinin təhlükəsizlik kameralarına düşən görüntüləri icazəsiz şəkildə əldə edilərək sosial media platformalarında lağlağa və təhqir məqsədilə paylaşılıb. Hadisə yanvarın 20-dən 21-nə keçən gecə baş verib.
Qıy Vaar! üçün danışan zərərçəkənlər bildirir ki, yayılan videoda məhz kuir olduqları üçün hədəf alınıblar. Onlar deyir ki, xarici görünüşü əsasında seçilərək ifşa edilmələri və ictimai şəkildə ələ salınmaları təsadüfi deyil və açıq şəkildə kuir icmasına qarşı nifrətə əsaslanan davranışdır. Görüntülərin çəkilməsi və paylaşılması üçün onların heç bir razılığı olmayıb.
Bu cür icazəsiz və LGBTQ+lərin gündəlik həyatlarını belə, marjinal göstərən, onları ictimai məkanlardan çıxdaş edən paylaşımlar görünməz qalmalarına məcbur edir və real zorakılıq risklərini artırır. Şəxsi həyatın toxunulmazlığı bütün vətəndaşlar üçün təmin olunmalı olduğu halda, kuir icması bu hüququn sistemli şəkildə pozulması ilə üz-üzə qalır.
Zərərçəkənlər deyir ki, bu hadisədə məsuliyyət yalnız görüntüləri yayan sosial media səhifəsinin üzərində deyil. Bildirilir ki, həm görüntüləri əldə edib paylaşan şəxslər, həm də 9-cu mikrorayonda yerləşən AL Market filialı bu hadisəyə görə məsuliyyət daşıyır. Market daxilində müştərilərin təhlükəsizliyinin və kamera görüntülərinin məxfiliyinin qorunması birbaşa müəssisənin öhdəliyinə daxildir.
Qıy Vaar! üçün danışan zərərçəkənlər görüntülərin dərhal sosial mediadan silinməsini tələb edirlər. Onlar hadisə ilə bağlı hüquqi və inzibati tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edəcəklərini bildiriblər.
Qıy Vaar! hadisənin real olduğunu təsdiqləyir və zərərçəkənlərin təhlükəsizliyini nəzərə alaraq onların anonimliyini qorumaqla bu xəbəri yayımlayır. Platforma, dövlət qurumlarını şəxsi həyatın toxunulmazlığının pozulması və kuir icmasına qarşı nifrət motivli hallarla bağlı effektiv addımlar atmağa çağırır.

