İranda davam edən üsyanlar və qadınların etirazlardakı rolu

İranda davam edən üsyanlar və qadınların etirazlardakı rolu

İran son illərdə ard-arda baş verən kütləvi etirazlarla beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. 2025-ci ilin sonralına doğğru başlayan etirazlar isə qısa zamanda İranın  qısa müddətdə İranın ən genişmiqyaslı kütləvi etirazlarından birinə çevrildi. Elə bu səbəbdən də 2022-2023-cü illəri əhatə edən “Women, Life, Freedom” hərəkatı ilə müqaisə edilir. 2022-ci ildə başlayan “Woman, Life, Freedom” (Qadın, Həyat, Azadlıq) hərəkatı ölkədəki dərin struktur problemləri, xüsusilə qadınlara qarşı sistematik zorakılığı və dövlət repressiyasını açıq şəkildə üzə çıxarmışdı. Bu etirazların əsas səbəblərindən biri qadınlara məcburi hicab siyasəti və 22 yaşlı Jina Mahsa Amininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirməsi olmuşdu. 2022-ci ildən bəri baş verən etirazlara ümumi nəzər saldıqda görünür ki, hakimiyyət əleyhinə hərəkatlarda ən fəal iştirakçılar qadınlar və müxtəlif formalarda diskriminasiyaya məruz qalan etnik qruplar olub. Aksiyaların əsas motivləri məcburi hicab tətbiqi, sistemli ayrı-seçkilik və dövlətin ədalətsiz, zorakı siyasəti ilə bağlı idi.

Tehran, İran 9 yanvar 2026. MAHSA/Middle East Images/AFP/Getty Images

Lakin 2025-ci il dekabrın 28-də başlayan və hazırda davam edən etirazlar motiv baxımından əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu dəfə kütləvi narazılığın əsas səbəbi dərinləşən iqtisadi böhrandır. Hazırda İranda inflyasiya səviyyəsi 42 faizə çatıb. Bahalaşmanın sürətlə artmasına baxmayaraq maaşların artırılmaması əhalinin qida və digər əsas tələbat mallarına çıxışını ciddi şəkildə məhdudlaşdırır. Hakimiyyət iqtisadi islahatlar vəd etsə də, vətəndaşların sosial vəziyyətini real şəkildə yaxşılaşdıra biləcək addımlar atmır. Əksinə, iqtisadi böhranın əsas səbəbi kimi ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyaları göstərir. Məhz bu səbəbdən etirazlar bu səfər Tehran bazarlarından başlayaraq qısa müddət ərzində ölkənin bir çox şəhərinə yayılıb. Tehran bazarlarının işçiləri indiyədək hakimiyyətə sədaqətləri ilə tanınırdı. Bazarlardakı mülkiyyət sahibləri əsasən maddi baxımdan daha yüksək təbəqəyə aid edilir və hakimiyyətlə yaxın münasibətlərə malik hesab olunurdular. Bu baxımdan, etirazların məhz buradan başlaması xüsusilə diqqətçəkici sayılır.

Hakimiyyətin reaksiyası isə gözlənildiyi kimi olub və əvvəlki təcrübələrdən ciddi şəkildə fərqlənmir. Ayətullah Əli Xamenei ayın 17-də baş tutan çıxışında minlərlə insanın aksiyalar zamanı həlak olduğunu etiraf edib. Etirazçılara qarşı sərt zorakılıq və genişmiqyaslı repressiyalar müşahidə olunur. Vətəndaş jurnalistikası nəticəsində sosial mediada yayılan və Amnesty International tərəfindən paylaşılan video sübutlara əsasən, küçələrdə ağır silahlı əsgərlər patrul edir və vətəndaşların bir yerə toplaşması bir yana, evindən çıxmağa cəhd etməsi belə qeyri mümkündür.

Bununla yanaşı, hakimiyyət etirazçıların öz aralarında təşkilatlanmasının qarşısını almaq və tətbiq olunan zorakılığı ört-basdır etmək məqsədilə internetə çıxışı məhdudlaşdırıb. Bu isə ölkədəki real vəziyyətlə bağlı məlumatlara çıxışı ciddi şəkildə çətinləşdirir. 13 yanvarda Center for Human Rights in Iran təşkilatına müsahibə verən və aksiyalarda yaralanan vətəndaşlara tibbi yardım göstərən bir həkim bildirib ki, hazırda mediada yayılan görüntülər və statistikalar gerçəkliyin heç yüzdə birini belə əks etdirmir.

The Media Express/SIPA/Shutterstock

 Etirazlar zamanı on minlərlə vətəndaş həbs edilib və saxlanılan şəxslərin edam cəzası ilə üzləşmək ehtimalı təəssüf ki, yüksəkdir. Dövlət televiziyasında etirazçılar “terrorçu” kimi təqdim olunur. Rəsmi şəxslər çıxışlarında hakimiyyət əleyhdarlarını “moharebeh”, yəni “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə günahlandırılır. Bu yanaşma İran hakimiyyətinin indiyədək müxaliflərə, fəallara və insan hüquqları müdafiəçilərinə qarşı tətbiq etdiyi siyasətin davamı kimi qiymətləndirilə bilər.

AP Photo/Ebrahim Noroozi

İranda feminist hərəkat siyasi etirazlarda mühüm rol oynayır və Dekabrın 28-də başlayan etirazlarda da qadınlar aksiyalarda ön sıralarda yer alıb. Feminist qruplar beynəlxalq çağırışlar edərək həm İran daxilində, həm də dünyadakı feministləri etirazçılarla həmrəylik göstərməyə səsləyiblər. Əxlaq polislərinin qadınlara qarşı olan zorakılığı, məcburi hicab tətbiqi qadınların şəriət rejiminə qarşı çıxmasının əsas səbəblərindən biri olsa da, problemi yalnız bu faktorla izah etmək düzgün olmaz. İranda qadınlar işçi qüvvəsinin cəmi 13 faizini təşkil edir və bu göstərici bəzi regionlarda daha da aşağıdır. Patriarxal cəmiyyətlərdə geniş yayılan və kompensasiya edilməyən evdaxili əmək İranda da ciddi problemdir. UN Women təşkilatının statistikasına əsasən, qadınların böyük bir qismi 15 yaşından sonra vaxtlarının əsas hissəsini ev işlərinə və uşaqlara və ya yaşlılara qayğı göstərməyə sərf edir. Hüquqi bərabərsizliyin mövcudluğu, qadınlara qarşı məhdudiyyətlər və təzyiqlər iqtisadi böhran dövrlərində qadınların daha çox əziyyət çəkməsinə və asılı vəziyyətə düşməsinə səbəb olur. Bu isə məişət zorakılığı hallarında qadınları daha da çıxılmaz vəziyyətə salır.

Qanunların qadın hüquqlarını yetərincə müdafiə etməməsi və ölkədə məişət zorakılığına qarşı effektiv mübarizə mexanizmlərinin olmaması vəziyyəti daha da ağırlaşdırır.

Paylaş