
1990-cı ilin 20 yanvarında Sovet ordusunun Azərbaycandakı etirazları yatırmaq üçün Bakıya daxil olmasından və azadlıqlar üçün küçələrə axışan dinc əhaliyə qarşı qırğın törətməsindən 36 il keçir.
Azərbaycanda “Qara Yanvar” adlandırılan bu faciə zamanı gənc etirazçılar, tələbə fəallar, uşaqlar da daxil olmaqla 147 nəfər həyatını itirdi, 638 nəfər yaralandı.
Sovet qoşunu yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da SSRİ Ali Soveti Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyətin elan edilməsi haqqında” Fərmanına uyğun olaraq müxtəlif istiqamətlərdən şəhərə daxil olmaqla qırğını törətməyə başladı. Tanklar küçələrdəki avtomobillərin üzərindən keçdi, əsasən indiki 20 Yanvar dairəsində, “Salyanski Kazarma” adlanan ərazidə, Azneft-Bayıl istiqamətində və həmin dövrdə müstəqillik hərəkatının təşkilatı sayılan Azərbaycan Xalq Cəbhəsinin qərargahı yerləşən Səttarxan zavodu (Nərimanov rayonu) çevrəsində qırğınlar törədildi. Qırğın o həddə baş verdi ki, atıcı silahlarla güllələnmiş əsgərlər yaşayış binalarını da güllə yağmuruna tutdular.
Müstəqillik və azadlıq tələbilə küçələrə çıxan insanlar isə təslim olmadı. Qırğından 2 gün sonra – 22 yanvar günü 100 minlərlə şəhər sakini Azadlıq Meydanına toplaşaraq 20 Yanvar şəhidlərini dəfn etmək və dirəniş iradəsi göstərmək üçün sonradan Şəhidlər Xiyabanı adlandırılacaq təpəyə doğru yürüşə keçdi.
Bakıdakı qırğının ardından Sovet ordusu etiraz hərəkatının güclü olduğu rayonlar arasında önə çıxan Neftçalaya və Lənkərana da yeridilidi, bu rayonlarda toplamda 8 nəfər həyatını itirdi.
