
Human Rights Solidarity Beynəlxalq İnsan Haqları Təşkilatı həbsdə olan Meydan TV jurnalisti Xəyalə Ağayevanın azadlığı tələbilə bəyanat yayıb.
Təşkilatın bəyanatında qeyd olunur ki, jurnalist 18 yanvarda 29 yaşını həbsxanada qarşılamağa hazırlaşır:
“O, 6 dekabr 2024-cü ildən bəri, artıq bir ildən çoxdur ki, Azərbaycan hakimiyyətinin tənqidi səsləri susdurmaq və müstəqil medianı sıradan çıxarmaq məqsədi daşıyan genişmiqyaslı kampaniyasının bir hissəsi olaraq həbsdədir. Bu, onun ifadə azadlığı hüququndan istifadə etdiyinə görə həbsdə keçirməyə məcbur edildiyi ikinci ad günüdür.
Xəyalə Ağayeva ictimai maraqlara xidmət edən jurnalistikaya sadiqliyi və insanların həyatına birbaşa təsir edən sosial əhəmiyyətli mövzuları işıqlandırması ilə tanınır. Meydan TV-dəki həmkarları kimi, o da jurnalistləri qorxutmaq və ölkədə müstəqil xəbərçiliyi önləmək məqsədi daşıyan siyasi motivli təqiblərin hədəfinə çevrilib”.
Bəyanatda, həmçinin beynəlxalq institutların artıq Meydan TV jurnalistlərinin vəziyyəti ilə bağlı ciddi narahatlıqlarını ifadə etdiyi vurğulanır, Avropa Parlamentinin 19 dekabr 2024-ci ildə verdiyi və repressiyaları pisləyən, Meydan TV jurnalistlərinin azad edilməsini tələb edən qərara istinad edilir.
Human Rights Solidarity qeyd edir ki, Xəyalə Ağayeva peşəkar jurnalist olmaqla yanaşı həm də feminist fəaldır və həbs olunduqdan sonra hökumət mediasında onun həm jurnalist, həm də feminist kimlikləri hədəfə gətirilib.
“Biz beynəlxalq insan haqları və media azadlığı təşkilatlarını onunla açıq həmrəylik nümayiş etdirməyə çağırır və Azərbaycan hakimiyyətindən Xəyalə Ağayevanı dərhal azad etməyi tələb edirik” deyə bəyanatın sonunda vurğulanır.
