
Kataloniya Parlamenti, LGBTQ+ icması üçün daha güclü qoruma təmin edən yeni qanunu qəbul edib. Bu yeni tənzimləmə, 2014-cü ildən etibarən mövcud olan qanunvericiliyi genişləndirərək, LGBTQ+lara qarşı olan ayrı-seçkilik və nifrət cinayətlərinə qarşı mübarizəni gücləndirir. Qanun cinsi oriyentasiya, kimlik və gender ifadəsi ilə bağlı ayrı-seçkilikləri daha geniş şəkildə müəyyənləşdirərək, bu sahədəki cinayətlərə qarşı sərt cəzalar tətbiq edir.
Yeni qanunla cinsi oriyentasiyanı və ya kuir fərdin özünə təyin etdiyi adı tanımamaq və buna hörmətsizlik göstərmək, artıq cinayət hesab olunur. Diskriminasiya ilə mübarizə üçün böyük miqdarda cərimələr tətbiq edilir. Məsələn, sadə pozuntular üçün 300-10 min avro arasında, ciddi pozuntular üçün isə 40 min-500 min avro arasında cərimələr təyin edilir. Bu, yalnız fərdləri deyil, eyni zamanda diskriminasiya edən təşkilatları da əhatə edir.
Kataloniya bölgəsində qəbul edilən bu qanun, LGBTQ+ kimliklərinin sərbəst ifadə edilməsini və tanınmasını təşviq edir, xüsusən də kənd yerlərindəki bələdiyyələrdən inkluzivliyi artırmaq və LGBTQ+ların bərabər hüquqluluğunun təbliğ edilməsi üçün xüsusi tədbirlər görməyi tələb edir. Qanun, həmçinin, trans fərdlərin öz kimliklərini müəyyən etmələrinə və öz genderlərini ifadə etmələrinə hüquqi zəmanət verir.
Yeni qanun, sol və liberal partiyalar tərəfindən dəstəklənsə də, sağçı partiyalar olan PPC, Vox və Aliança Catalana qanuna qarşı çıxıblar.
İspaniyada həyata keçirilən nifrət cinayətlərinin 3-də 1-i LGBTQ+lara qarşı baş verir. Parlamentarilər bu qanunun, bu növ ayrı-seçkilikləri azaltmaq və LGBTQ+ icmasının hüquqlarını daha yaxşı qorumaq məqsədi güddüyünü bildirirlər.
Dünyada sağçı hərəkatların artdığı bir dövrdə, Kataloniya Parlamentinin bu addımı, LGBTQ+ hüquqları uğrunda mühüm bir irəliləyiş olaraq önə çıxır.
