QueeRadar monitorinqi: Sosial mediada kuir icması üçün təhlükəli mühit dərinləşir

QueeRadar monitorinqi: Sosial mediada kuir icması üçün təhlükəli mühit dərinləşir

QueeRadar platforması yeni monitorinqini təqdim edib. QueeRadar “Nifrətə yaşıl işıq” adlı araşdırmasına görə, son bir il ərzində Azərbaycanın sosial media məkanı kuir istifadəçilər üçün daha aqressiv və təhlükəli bir mühitə çevrilib. “Facebook” və “Instagram” platformalarında LGBTQ+ kimlikləri hədəf alan nifrət nitqi həm daha açıq, həm də daha sərt formada yayılmağa başlayıb. Sənəddə qeyd olunur ki, kuirfob istifadəçilər nifrət dolu mövqelərini əvvəlki dövrlərlə müqayisədə daha rahat və cəzasız şəkildə ifadə edirlər.

Monitorinq “Meta” şirkətinə məxsus platformaların Azərbaycan kontekstində ziddiyyətli rol oynadığını da üzə çıxarır. Bir tərəfdən bu platformalar kuir icması üçün özünüifadə, həmrəylik və əlaqə qurmaq baxımından mühüm məkanlardır. Digər tərəfdən isə təhqir, təzyiq və linç üçün əlverişli bir mühit formalaşdırır. Xüsusilə 2024-cü ildə “Meta”nın nifrət nitqi siyasətində etdiyi dəyişikliklər bu ziddiyyəti daha da dərinləşdirib. Yeni qaydalara əsasən, LGBTİQ+ subyektlərini “ruhi xəstə” kimi təqdim edən və ya onları patologiyalaşdıran paylaşımlar “siyasi diskurs” adı altında platformada saxlanıla bilir. GLAAD və All Out kimi beynəlxalq təşkilatlar bu dəyişikliklərin diskriminativ narrativləri legitimləşdirdiyini və zorakılıq ritorikasını normallaşdırdığını bəyan edirlər.

QueeRadar qeyd edir ki, bu dəyişikliklər Azərbaycanlı kuirlər üçün xüsusilə risklidir. Çünki yerli kontekstdə aktivistlər və təşəbbüs qrupları üçün “Facebook” və “Instagram” uzun müddətdir əsas ünsiyyət, informasiya və qarşılıqlı dəstək kanalı rolunu oynayıb. Ənənəvi mediada görünməyən və ya dehumanizə olunan kuir sənətçilər, müəlliflər və bloqerlər məhz sosial şəbəkələrdə öz sözlərini demək imkanı tapıblar. İndi isə inklüzivlik nəzərə alınmadan dəyişdirilən qaydalar təhqiri və təqibi təşviq edir, fikir azadlığı ilə zorakılığa çağırış arasındakı sərhədləri bulanıqlaşdırır. Əvvəllər şikayət edilə bilən məzmun bu gün “fikir azadlığı” adı altında qorunur.

Monitorinq çərçivəsində 100 nifrət nitqi nümunəsi toplanıb. Bu nümunələr açıq zorakılıq çağırışları, alçaldıcı ifadələr və konspirativ narrativlər daxil olmaqla müxtəlif kateqoriyalar üzrə qruplaşdırılıb. Sənədin kam versiyasına keçid etmək üçün buraya klikləyin.

Paylaş