Nazirlik “Məhsəti” filminə qadağa qoyub

Nazirlik “Məhsəti” filminə qadağa qoyub

“Məhsəti” filmi Bakı Beynəlxalq Film Festivalının (DokuBaku)proqramından çıxarılıb. Bu barədə filmin yaradıcı heyəti sosial mediada məlumat yayıb.

Yaradıcı heyətin dediyinə görə, səbəb Mədəniyyət Nazirliyi yanında Film Şurasının filmə nümayiş lisenziyası verməkdən imtina etməsidir: “Film Şurası filmin mənəvi dəyərlərə uyğun gəlmədiyini əsas gətirərək bu qərarı verib” – yaradıcı heyət deyir.

Prodüserlər bildirirlər ki, film 12-ci əsr şairəsi Məhsəti Gəncəvinin özünə yox, onun obrazına çağdaş yanaşma cəhdidir. Filmdə şairəni canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Heyət yazır ki, “qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik”.

“Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür. Məhsəti təbiət qüvvəsi kimi biri idi – qabaqcıl, azad ruhlu, 12-ci əsrdən bu günə qədər işığı sönməyən parlaq bir ulduz. 21-ci əsrdə qadınları ənənəvi gender rollarında saxlamaqdan daha yaxşısına qadirik” – heyət qeyd edir.

Bildirilir ki, hazırda film beynəlxalq festival səfərinə hazırlanır. Yaradıcı heyət açıqlamasında həm də Məhsətinin öz ölkəsində göstərilməsi üçün daha uyğun zaman və məkan tapmağa çalışacağını vurğulayıb.

Qıy Vaar! filmin rejisoru Suad Qarayevadan mövqe almağa səy göstərsə də o, sualları cavablamaqdan imtina edib.

Qeyd edək ki, bu, Bakı Beynəlxalq Film Festivalında yaşanan ilk qalmaqallı hal deyil. 2023-cü ildəki festivalda da qadın haqları, heyvan haqları və Xəzər sahilinin hasarlanmasından bəhs edən 3 filmin nümayiş siyahısından çıxarılması ictimai müzakirələrə səbəb olmuşdu.

Paylaş