UNUTDURMAYACAĞIQ!

UNUTDURMAYACAĞIQ!

Noyabrın 20-ni 90-cı illərin sonundan bəri trans qətllərinin sistematik bir siyasətin parçası olduğunu xatırladan gün kimi keçiririk. Transların qətlə yetirildiyi və ya hücuma məruz qaldığı hallarda dövlət qurumları ya heç reaksiya vermir, ya da cinayəti “adi məişət zəmnində” baş vermiş hal kimi təqdim edirlər. “Biz bu insanların varlığını tanımırıq” mesajını aydın şəkildə ifadə etməkdən çəkinməyən bir irtica sistemlə qarşı-qarşıyayıq. Yaxın günlərdə bir trans qadına küçədə bir qrup şəxs tərəfindən daş atılması ilə bağlı videolar yayılıb. Hücum edən 3 şəxsdən yalnız biri 15 sutka həbs cəzası alıb. LGBTQ+ kollektivlərinin ictimai bəyanat yaymasına baxmayaraq, heç bir dövlət qurumu açıqlama verməyib və sanki bu insanlar mövcud deyillər kimi davranıb. İctimai reaksiyalardan və qurumların laqeydsizliyindən başa düşülür ki, transların başına gələnlər sanki “uğursuz fərdin sonudur”. Hər daim trans vətəndaşlar üzləşdiyi təhdidlər və hədə-qorxularla beləcə yalnız buraxılır. 

Siyasidir!

Bundan öncə baş vermiş qətllər də oxşar tendensiyanı göstərir. 2020-ci il iyunun 18-də Bakıda seks işçisi olan trans qadın Aysun Məmmədli özünü müştəri kimi təqdim edən şəxs tərəfindən 11 bıçaq zərbəsi alaraq qətlə yetirilib. Hadisə ilə bağlı qəsdən adam öldürmə maddələri üzrə cinayət işi açıldı. Lakin cinayətkarın cəzalandırılması və istintaq prosesinin şəffaflığı ilə bağlı ciddi suallarımız 5 ildən çox vaxt keçməsinə baxmayaraq cavab tapmayıb. 2021-ci ilin iyulunda Nuray adlı başqa bir trans qadın da qətlə yetirilib. Onun dostları ilə gəlinlikdə rəqs etdiyi video sosial mediada paylaşılaraq sərt nifrət çağırışlarına səbəb olmuşdu. Sosial medianın transfob fenomenlərinin hadisəni yeni reytinq materiallarına çevirməsi ilə də bütün ölkənin gözü önündə yeni bir hədəf kampaniyası başladılmışdı. Bir neçə gün sonra Nuray, əlləri və ayaqları bağlı, bədənində çoxsaylı bıçaq izləri ilə tapıldı. Lakin istintaq və məhkəmə prosesi şəffaf şəkildə aparılmadı. Hər zamanki kimi qapalı məhkəmə prosedurları vasitəsilə ictimai nəzarəti əngəlləndi. 

Həmin hadisə zamanı yadımdadır ki, Ombudsman Aparatının qarşısında trans icmanın etiraz aksiyaları vasitəsi ilə dövlət qurumlarının bu məsələyə laqeyd yanaşması ifşa olunmuşdu. Bu il isə 4 noyabrda Rüzgar adlı kuir əmisi tərəfindən Bakının ən mərkəzi küçələrinin birində qətlə yetirildi. Yenə də informasiya azlığı, laqeydsizlik, hətta gülüş obyekti olmaqla sınanılır taleyimiz.

“Trans qətlləri siyasidir” deyərək illərdir biz elə bu hüquqi tanınmazlığın, polis zorakılığının, sistemli şəkildə işsizliyə sövq edilməyin fəsadlarını izah etməyə çalışırıq.

Azərbaycan qanunvericiliyində nə gender kimliyimizin, nə orientasiyalarımızın hətta bir anlayış olaraq mövcud olmaması təsadüfi deyil. Bu boşluq sayəsində dövlət öz məsuliyyətindən yayınır və deyə bilir ki, “bizdə diskriminasiya yoxdur”. Əgər problemi qəbul etməsən, deməli yoxdur. Bu yox sayma həyatın fərqli sahələrində də bizlərə senzura tətbiq etməklə davam edir. Translar illərdir bu cəmiyyətdə haqları olan statuslarını qazanmaq üçün qatbaqat çətinliklərlə vuruşurlar. Məsələn elə bu il müğənni Samira Şah, bir mədəniyyət evində keçirilən anım tədbirində mahnı səsləndirməsindən sonra hədəfə çevrildi. Hətta Samiranı mədəniyyət evinə çağıran işçi belə heç bir qanuni əsas olmadan işdən atıldı. 

“Trans olduğunu bilmirdim”

Bu bəhanəni eşitmisiniz? Əksərən transfobiya zəmnində cinayət törədənlərin ortaq bəhanələrindən biridir. Cinayətkarların əksəriyyətinin trans bir seks işçisinin təkliyindən istifadə etmək üçün bu varianta əl atırlar. Transın hüququnu qoruyan olmayacağını, bu hadisəni soraqlayacaq ailəsinin olmadığını düşünərək sistemin etinadsızlığından beləcə fayda tapırlar. Çünki sistem bu bəhanəni rahatlıqla qəbul edir. Bu, faktiki olaraq, transfob qətlə hüquqi bəraət qazandırmaq deməkdir. Ölkədə müəyyən sosial qrupa qarşı sistematik zorakılıq göstərilir və bu zorakılıq siyasi praktikaya halını alıbdır. Cinayətkar da bilir ki, o hökümətlə bənzər dili danışsa, qanun onun lehinə işləyəcək. “Bilmirdim” deyərək bir qətlə bəhanə gətirmək, bu aktı cəmiyyət içində legitimləşdirmək üçün translar “insan” statusundan çıxarılır. “şərçi”, “demoqoq” və “əxlaqsız” kimi təqdim edilir.

Əksərən trans seks işçiləri bu hücumlara məruz qalırlar. Bu tip qətllərin və ya hücumların bir çoxunda hadisə əksərən seksdən sonra yaşanır. Yəni təhdid ya əvvəlcədən planlaşdırılmış olur, ya da situativ olaraq bu birlikdəlik “kişiliklərinə tərs düşdüyü” üçün baş verir.

Konfortunuzu pozacağıq

Cəmiyyətin əksər hissəsi, transfobiyanı açıq şəkildə müşahidə edərək, susmaq və ya laqeyd qalmaqla transların hədəf olmasına şərait yaradır. Sistematik şəkildə işsizliyə və sosial izolyasiyaya məruz qoyuluruq, özümüzü ifadəmizə görə zorakılıq normal bir fenomenmiş kimi təqdim edilir. Biz də hər kəs kimi ləqətli bir həyat tələb edirik. Dövlətin və cəmiyyətin diqqətini transfobiyanın nəticələrinə, itirdiyimiz həyatlara yönəltməyə davam edəcəyik. Transların hədəf olunduğu hər bir hadisəni görməzlikdən gələn, susan və konfortunu seçən hər kimsənsə, bil ki, rahatlığını pozacağıq. Biz yaşadıqlarımızı unutmayacağıq.

Paylaş