
Sosial şəbəkələrdə paylaşım edən şəxslərə qarşı daha sərt inzibati cəzaların tətbiq olunması təşəbbüsü yenidən gündəmə gətirilib. Bu cəzalarla bağlı İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” maddəsinə əlavə olunması planlaşdırılan yeni hissələr müzakirəyə çıxarılıb.
Qanun layihəsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu ilə İnsan Hüquqları Komitələrinin birgə iclasında təqdim edilib.
Layihəyə əsasən sosial şəbəkələrdə öz fikirlərini təhqirlə ifadə edənlər və ya bədənlərinin bir hissəsinin çılpaq fotolarını paylaşan şəxslər 30 günədək həbs cəzası ala biləcək.
Sənəddə qeyd olunur ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Vurğulanıb ki, “Son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsi ölkəmizdə geniş müşahidə olunur. Bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərə mənfi təsir göstərərək onların davranış modellərində dəyişiklik yaradır. Eyni zamanda, sosial şəbəkələrin istifadəçilərinin diqqətini daha çox cəlb edən paylaşımları önə çıxarmağa əsaslanan iş prinsipi bu cür qeyri-etik paylaşımları sürətlə daha geniş auditoriyaya çatdırır. Nəticədə, yaranan informasiya axını ictimai mənəviyyatımıza ciddi zərər vurur. Mövcud qanunvericilik yalnız müəyyən kateqoriya qadağan olunmuş məlumatlara görə məsuliyyət nəzərdə tutur. Mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan müdafiəsini gücləndirmək, internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və mövcud tənzimləməni təkmilləşdirmək üçün yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb”.
Təklifə əsasən, bu xətanın, qərarın qüvvəyə mindiyi tarixdən etibarən bir il içində eyni şəxs tərəfindən təkrar törədilməsi 1000–2000 manat arası cərimə ilə nəticələnəcək. Həmçinin halların ağırlığından irəli gələrək tədbirlərin yetərli sayılmadığı vəziyyətlərdə bir aydan iki ayadək inzibati həbs tətbiq edilə biləcək.
Məcəlləyə əlavə edilən qeydə görə, bu maddələr yalnız həmin əməllər Cinayət Məcəlləsinə əsasən cinayət tərkibi yaratmadığı hallarda qüvvədə olacaq.
Qeyd edək ki, təhqirin ifadə azadlığı sayan və saymayan fərqli nəzəriyyələr mövcuddur və son illərdə təhqirli ifadələr səbəbindən şəxslərin məsuliyyətə cəlb olunması insan haqları müdafiəçiləri tərəfindən geniş tənqid olunur. Bədənin bir hissəsinin açıq şəkildə paylaşılmasına görə şəxsin 30 günədək həbs olunması isə insan haqlarının daha kobud pozuntusudur və Azərbaycanda, xüsusilə, gənc nəsil üzərində artan hökumət mənbəli mühafizəkar basqının daha bir örnəyidir. Qıy Vaar! olaraq, ümumilikdə bu qanun layihəsini avtoritarizmin gücləndirilməsinin hüquqi əsaslarına yaradmağa xidmət edən akt kimi dəyərləndirir, layihənin Milli Məclisin sessiyasında müzakirəyə çıxarılmadan geri çəkilməsini tələb edirik.
