
AK Parti tərəfindən 15 noyabrda hazırlanan və tezliklə Türkiyə Milli Məclisinə (TBMM) təqdim edilməsi planlanan 11-ci Qanun Layihəsində, LGBTİ+ icmasına yönəlmiş cəza təklifləri yer alırdı. İnsan haqları təşkilatları və fəalların artan etirazları nəticəsində, layihədəki həmin maddələrin geri çəkildiyi bildirilir. Bu haqda Bianet yazır.
Daha əvvəl mediaya sızan ilkin qanunvericilik təşəbbüsündə Türk Cinayət Məcəlləsinin (TCK) 225-ci maddəsinə əlavə ediləcək bənddə belə bir tələbi yer alırdı: “Doğuştan gələn bioloji cinsə və ictimai əxlaqa zidd davranışda olan və ya bunu açıqca təbliğ edən, tərifləyən ya da aludə edən şəxslər 1-3 il arasında həbs cəzası alacaqlar.”
Eyni zamanda, “eyni cinsdən şəxslərin nişan və ya evlənmə mərasimləri” təşkil etməsi halında 1 il 6 aydan 4 ilədək həbs cəzası da təklif olunmuşdu.
Eləcə də trans hüquqları ilə bağlı sərt tənzimləmələr var idi. Məsələn cinsiyyət dəyişdirmə (gender adaptasiya əməliyyatları nəzərdə tutulur) yaşı 18-dən 25-ə qaldırılacaq, tibbi müdaxilələr üçün isə müəyyən sertifikatlı xəstəxanalardan rəsmi hesabat tələb ediləcəkdi. Şərtlərə əməl etməyən tibbi müdaxilələr həyata keçirən həkimlərə 3-7 il həbs cəzası qeyd olunmuşdu.
Human Rights Watch məsələyə reaksiya verərək, “LGBT+lərin cəzalandırılmasının yolunu açan” qanun layihəsinin dərhal ləğv edilməsini tələb edib. Amnesty International-la birgə 116-dan çox təşkilat ortaq bəyanat yayaraq bildirib ki, “LGBTİ+ləri və onların hüquqlarını müdafiə edənləri kriminalizə edən hər hansı qanun təklifi təqdim edilməməlidir və qəbul olunmamalıdır”. KESK (Xalqların Peşəkar Qurumları Koalisiyası) isə layihəni “LGBTİ+ və qadınlara yönəlmiş ideoloji hücum” olaraq qiymətləndirib.
Son xəbərlərə görə, AKP iqtidarı tənqidlərdən sonra LGBTİ+ icmasına yönəlmiş bir sıra maddələri layihədən çıxarıb. Bianet-ə istinadən, bu geri çəkilmə insan haqları təşkilatlarının və ictimai nəzarətin güclü təzyiqi nəticəsində baş verib.
Euronews yazır ki, AKP daxilində hələ bu paketlə bağlı fikir ayrılıqları var və partiyanın qrup rəhbərliyi bəzi üzvlərinin narahatlıqları eşidilir.
TBMM-yə təqdim ediləcək son mətnin necə olacağı və LGBTİ+ yönümlü maddələrin tamamilə çıxarılıb-çıxarılmayacağı hələ tam aydın deyil.
