
Ölkədəki ali təhsil müəssisələrinin tamama yaxınının Bakı şəhərində yerləşməsi səbəbindən tələbələr də bu paytaxt şəhərində cəmləşib. Onların bir hissəsi şəhər sakinləri, bir hissəsi isə regionlardan təhsil üçün Bakıya üz tutan gənclərdir. Ölkə əhalisinin şəhərlər üzrə yerləşməsinə dair statistikaların etibarlılığı sual altında olduğundan Bakıda təhsil alan gənclərin neçə faizinin şəhər sakini, neçə faizinin isə regionlardan gəldiyini müəyyənləşdirmək çətindir.
Qıy vaar! bu araşdırma yazısında Bakının gənclər üçün təhsil əlçatanlığını sorğulayacaq.
Araşdırmamız bakalavr pilləsində təhsil alanlar təbəqəsi seçilməklə təhsil haqqı, qalmağa yer, qidalanma, nəqliyyat və təqaüd sahələrini ələ alacaq. Sonda ölkə əhalisi içində daha imtiyazsız təbəqədə yer alan LGBTQ+ tələbələrlə bağlı vəziyyətə toxunulacaq, Qıy vaar!-ın bir kuir tələbədən aldığı müsahibə və keçirdiyi sorğunun nəticə və şərhlərinə yer veriləcək.
Yüksək təhsil haqqı
2025-2026 tədris ili üzrə ali təhsil müəssisələrinə bakalavr pilləsi üzrə 60489 nəfərin qəbul olunması üçün plan ayrılıb. Bu yerlərin 46.952%-i dövlət sifarişi ilə, yəni, pulsuz təhsil alacaq tələbələr üçün nəzərdə tutulub. 2024-cü illə müqayisədə pulsuz təhsil alacaq tələbələr üçün yerlər azalıb. Ötən il bu rəqəm 48.077% olmuşdu.
Universitetlərdə təhsil haqları isə bu il artırılıb. Bakalavr pilləsi üzrə ən çox tələbə qəbul edən 5 universitetdəki qiymətlərə nəzər salaq:
-Bakı Dövlət Universitetində (BDU) orta təhsil haqqı 3000 AZN-ə yaxındır. Əhəmiyyətli ixtisas sayılan hüquq üçün isə 4500 AZN tələb olunur.
-İqtisadiyyat Universitetində (UNEC) təhsil haqqı ortalama 2500 AZN-dir.
-Neft və Sənaye Universitetində (ADNSU) də təhsil haqqı ortalama 2500 AZN-dir.
-Pedoqoji Universitetdə (ADPU) təhsil haqqı 2400 AZN olaraq müəyyənləşib.
-Texniki Universitetdə (AzTU) təhsil haqqı ortalama 2400 AZN-dən çoxdur.
-İlk 5-likdə yer almasalar da iş imkanları baxımından əhəmiyyətli yer tutduqlarından daha 3 universitetdəki təhsil haqlarına baxmaq faydalı olar. Memarlıq və İnşaat Universitetində (AzMİU) orta təhsil haqqı 2500 AZN-dir. Tibb Universitetində (ATU) həkimlik ixtisası üçün bu il qiymət 2000 manat artaraq 6500 manat, stamatologiya üçün də 2000 manat artaraq 6000 manat olub. Bu universitetdə əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə təhsil haqqı artaraq 5000 AZN olub. Başqa bir dövlət universiteti olan ADA-da isə təhsil haqqı 6000-8000 manat arasıdır.
Göründüyü kimi, ali təhsil müəəssilərində təhsil haqları olduqca yüksəkdir. Nəzərə alsaq ki, minumum əməkhaqqı 400 manat, orta əməkhaqqı isə 1374,4 manatdır, bu təhsil haqları Azərbaycan ailələri üçün əlçatan görünmür.
Onu da qeyd etmək faydalı olar ki, gənclərin tələbə adını qazana bilməsi üçün fənlər üzrə hazırlıqlara gedərək yüksək məbləğlər xərcləməsinə də ehtiyacları olur. Bunun səbəbi isə məktəblilər üçün olan dərs materiallarının qəbul imtahanında yüksək bal toplamaq üçün yetərli mənbələr olmamasıdır. Tənqidlərə baxmayaraq uzun illərdir hökümət tərəfindən Elm və Təhsil Nazirliyi ilə tələbələrin qəbulunu həyata keçirən qurum olan Dövlət İmtahan Mərkəzi (DİM) arasında uyğunlaşdırılma həyata keçirilmir. Beləliklə, məktəb tədrisi yüksək bal toplamağa kifayət etmədiyindən, fənnlər üzrə hazırlıqlara getməyə imkanı çatmayan yoxsul təbəqədən gənclər təhsildən kənarda qalır.
Kirayə ev və yataqxana çətinliyi
Mərkəzi bankın 2025-ci ilin ilk yarısı üçün yayımladığı Maliyyə Sabitliyi Hesabatına görə iyun ayında Bakı şəhəri üzrə orta aylıq kirayə haqqı 883 manatdır. Hesabatda, həmçinin qeyd edilib ki, son 5 ildə, yəni 2020-ci ilin iyun ayı ilə müqayisədə mənzil qiymətləri 46% bahalaşıb.
Müşahidələr götərir ki, metro stansiyaları yaxınlığında 500-600 manatdan aşağı qiymətə 2-3 otaqlı ev tapmaq mümkün olmur.
Oktyabr ayında isə 2026-cı ilin yanvarın 1-dən etibarən evini kirayə verəcək şəxslərin kirayə haqqının 10%-i miqdarında vergi ödəyəcəyi qərarı verilməsi Bakıda kirayə qiymətlərinin daha da artacağı gözləntisi yaradır.
Beləliklə, biz təkcə kirayə ev qiymətlərinin minumum əməkhaqqı olan 400 manatdan çox olduğunu, tələbələrin əlçatanlığı baxımından hədsiz yüksək qiymətlərin təklif olunduğunu görürük.
Universitetlərin yataqxana imkanları ilə bağlı araşdırmamızın nəticələrini isə aşağıda qeyd edirik:
–BDU: 220 nəfərlik “Tələbə Evi” var. Universitet bildirir ki, yataqxanaya əksərən şəhid və qazi övladları, valideynlərini itirmiş, həssas sosial qrupdan olanların övladları qəbul edilir. Aylıq ödəniş 75 manatdır.
–BMU: Bakı Mühəndislik Universitetində oğlanlar və qızlar üçün nəzərdə tutulmuş iki ayrı yataqxana mövcuddur. Toplam tutumluluq 342 nəfərdir. Aylıq ödəniş isə 70 manatdır.
–ADPU: Pedoqoji Universitetdə ancaq qızlar üçün 200 nəfərlik yataqxana mövcuddur. Aylıq ödəniş 85 manatdır. Universitet bildirir ki, yataqxanaya əksərən həssas sosial qruplardan olan yerli və əcnəbi qızlar qəbul edilir.
–ADU: Azərbaycan Dillər Universitetinin də ancaq qızlar üçün nəzərdə tutulmuş yataqxanası var. Tutumluluq 205 nəfərdir. Aylıq ödəniş isə 30 manatdır.
ATU: Tibb Universiteti yataqxana imkanları baxımından digər universitetlərdən seçilir. Belə ki, universitetin yataqxanalarında 1000-ə yaxın yer var. Universitet bildirir ki, əcnəbilər də daxil olmaqla indiyədək müraciət edən bütün tələbələr yataqxana ilə təmin edilib. Azərbaycanlı tələbələr üçün aylıq ödəniş 50-90 manat arası dəyişir. Xarici tələbələr üçün isə bu, 120 manatdır. Şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olan tələbələr ödənişsiz, qazi ailəsi üzvləri və 1-ci qrup əlil valideyni olan tələbələr isə müəyyən güzəştlərlə yataqxanadan istifadə edə bilirlər.
AzMİU: Memarlıq və İnşaat Universitetinin yataqxanası 450 nəfərlikdir və aylıq ödəniş 50 manatdır. Şəhid və qazi övladları və həssas sosial qruplardan olan tələbələr ödənişdən azaddırlar.
ADNSU: Neft və Sənaye Universitetinin 320 nəfərlik yataqxanası olsa da təmirə bağlandığından bu il tələbə qəbul etməyib. Universitet bildirir ki, binada aparılan texniki baxış zamanı aşkarlanan infrastruktur problemlərinin aradan qaldırmaq üçün belə bir qərar alınıb. Universitet, həmçinin, qeyd edib ki, təmir müddətində tələbələrin yaşayışla bağlı problemlərinə dəstək məqsədli komissiya yaradılıb.
Nəticələrdən aydın görünür ki, universitetlərin yataqxana imkanları olduqca zəifdir. Dövlət Statistika Komitəsi ən son 2024-2025 tədris ili başlanğıcında ölkədəki tələbə sayını açıqlayıb ki, bu rəqəm də 246 min 529 nəfərdir. Bu il universitetlərə tələbələrin qəbulu üçün daha çox yer ayrıldığından ölkədə tələbə sayının keçən illə müqayisədə artdığını demək mümkündür. Bu tələbələrin mütləq əksəriyyəti isə Bakıda yerləşən dövlət universitetlərinin payına düşür. Beləliklə, yuxarıda qeyd olunan mövcud yataqxanaların tutumluluq göstəricilərinin nə qədər kiçik olduğu və Bakıdakı dövlət universiteti tələbələrinin sadəcə cüzi hissəsini qarşılaya biləcəyi aydın olur.
Universitetlər, həm də Sovet illərdə tikilən yataqxanalarında 90-cı illərin əvvəllərində qaçqın və məcburi köçkünlərin yerləşdiyini, bu səbəbdən yataqxana imkanlarının məhdud olduğunu tez-tez əsas gətirirlər. Halbuki, aradan ən azı 30 illik vaxt keçib.
Qeyd edək ki, yataqxana qiymətləri də bu il artıb. Yataqxanaların çoxu 3-4 nəfərlik otaqlar təklif edir. Bəzilərində isə 2 və 1 nəfərlik otaqlar da mövcuddur.
Bir digər diqqət çəkən məqam, bu yataqxanaların qiymətlərinə kommunal ödənişlər daxil olsa da onların heç birinin tələbələri yeməklə təmin etməməsidir.
Gediş haqqı artımı
Oktyabrın 1-dən etibarən Bakıda avtobus və metroda gediş haqqı 10 qəpik artaraq 60 qəpik olub.
Bakıda metro üçün gediş haqqı 2011-ci ildə 20 qəpik olub. Bundan öncə isə artıq avtobuslarda gediş haqqı 20 qəpik idi. Daha sonra 2018-ci ildə metro və avtobusda gediş haqqı artırılaraq 30 qəpik oldu.
2023 sentybarda bu 40 qəpik, 2024 iyulunda 50 qəpik, 2025 oktyabrında 60 qəpik olaraq müəyyənləşdi. Beləliklə son 2 il içində ictimai nəqliyyatda qiymət 30 qəpikdən 60 qəpiyə, yəni 100% artdı.
Hazırda 2 ictimai nəqliyyat dəyişərək həftənin 5 günü universitetə gedən tələbələr bunun üçün aylıq ortalama 52 manat xərcləməlidir. Bu da minumum və orta əməkhaqqı nəzərə alındıqda bahalı xərc olaraq sayıla bilər.
Bakıda ictimai nəqliyyatda gediş haqqının son illər kəskin artımı ilə yanaşı, şəhərlərarası nəqliyyatın qiymətlərində də ciddi qiymət artımına gedilib.
Ərzaq infilasiyası
Mərkəzi Bankın 2025- ilin sentybar ayına olan göstəricilərinə əsasən “qida, alkoqollu içklər və tütün məmulatları” üzrə illik infilasiya 7,9 faiz olub. Ancaq ekspertlər qurumun açıqladığı rəqəmləri qəbul etmir, hökümətin bilərək qiymət artımını aşağı tempdə göstərməyə çalışdığını deyirlər.
Son illərdə ölkədə infilasiya yüksək olsa da ərzaq qiymətlərindəki infilasiya xüsusi seçilir. 2025 il üçün dövlət yaşayış minumumunu 1 nəfər üçün aylıq 285 manat olaraq nəzərdə tutub. Bu miqdara təkcə aylıq ərzaq ehtiyaclarının qarşılanması yox, həm də fərdin digər xərcləri daxildir. Ancaq 285 manatın tamamının aylıq ərzaq ehtiyacına xərcləndiyini düşünsək, yenə də bu məbləğ vitaminli bəslənmə üçün kifayət etmir.
Təqaüdlər
2025-2026 tədris ili başlanğıcında ödənişsiz əsaslarla universitetə qəbul alan hər tələbəyə 110 manat dövlət təqaüdü veriləcək. Təqaüdün artması və ya ləğv edilməsi sessiya imtahanlarında tələbənin göstərdiyi akamedik göstəricilərə əsasən müəyyənləşəcək:
Akamedik göstəriciləri 91-100 arası olanlar 200 manat əlaçı;
Akademik göstəriciləri 71-90 bal arası olanlar 160 manat həvəsləndirici (zərbəçi);
Akademik göstəriciləri 51-70 arası olanlar 110 manat adi təqaüd alacaqlar.
Ümumi dövlət təqaüdündən əlavə prezident təqaüdü, kənd təsərrüfatı təqaüdü, Sabah təqaüdü, Azercell təqaüdü və SOCAR təqaüdləri var. Amma bunların təqaüd məbləği ya çox azdır, ya da çox məhdud sayda tələbə üçün nəzərdə tutulub.
Beləliklə, biz görürük ki, Azərbaycanda tələbələr üçün təqaüd məbləğləri çox azdır və məhdud saydadır. Burada əsas problemlərdən biri də ölkənin qeyri-azad siyasi və iqtisadi mühiti, bundan dolayı özəl təşəbbüslərin olmamasıdır. Qərb ölkələrində tələbələrə təqaüd ayıran çox sayıda özəl proqramların varlığını Azərbaycanda görmək mümkün deyil.
LGBTQ+lər
Araşdırmamız Bakının tələbələr üçün iqtisadi əlçatanlığının nə dərəcə pis durumda olmasını göstərir. Bütün bu ağır ekonomik göstəricilər isə cəmiyyətin ən imtiyazsız təbəqələrindən biri olan LGBTQ+ tələbələrin vəziyyətini daha da ağırlaşdırır. LGBTQ+lərin iş tapmaq və ya adicə insanların xeyirxahlığı, yardım həmrəyliyi ilə üzləşmək şansları digər fərdlərlə müqayisədə çox az olduğundan şübhəsiz ki, ölkə əhalisinin iqtisadi vəziyyəti pisləşdikcə onlar bundan daha çox zərbə alırlar.
Qıy vaar!-a danışan, keçən il regionların birindən universitet təhsili üçün Bakıya üz tutan gey tələbə Elmar (ad şərtidir) deyir ki, bir neçə tələbə ilə birlikdə kirayə qalır. Evin sahibi də onlarla birlikdə yaşadığı və yemək işləri ilə məşğul olduğu üçün Elmar, ona nisbətən rahat olduğunu bildirir. O deyir ki, orta təmirli evdə qalır və kommunal ödənişləri də daxil olmaqla aylıq 220 manat kirayə haqqı ödəyir.
Neft və Sənayə Universitetinin (ADNSU) 2-ci kursunda təhsil alan Elmar, aylıq xərcləri ailəsinin dəstəyi sayəsində qarşılaya bilir. O, valideynlərinə cinsi oriyentasiyasını açıqlamadığını deyir:
“Qardaşım bilir, atama və anama deməmişəm. Amma anama hiss etdirməyə çalışıram. Məncə anama desəm hələ də mənə maddi dəstək olmağa davam edər, ancaq atama desəm çox sərt reaksiya verə bilər. Bunu heç ağlıma belə gətirmək istəmirəm” – o, deyir.
Elmarın sözlərinə görə, ailəsi ona universitetə qəbul prosesi zamanı da maddi olaraq dəstək olub. Hazırda isə ailəsinin maddi dəstəyi ilə yanaşı 160 manat həvəsləndirici (zərbəçi) təqaüdü alır.
O, həm də hər gün metro və avtobusdan istifadə etdiyini, gediş haqqlarının onun kimi hər gün ictimai nəqliyyatdan istifadə edən biri üçün maddi olaraq yüksək olduğunu deyir: “Azərbaycan üçün qiymətlər uyğun deyil təbii ki”.
Elmar deyir ki, sağlam qidalandığını düşünmür, maddi vəziyyət də buna imkan vermir. O, universitetdən məzun olmadan ölkədən ayrılmaq istəyir:
“Planım univeristeti bitirmədən ölkədən ayrılmaqdır. Çünki daha da bu ölkədə qala bilmərəm. Əgər alınmasa universitetin bitməyini gözləyib sonra magistratura oxumaq üçün xaricə getməyi və təhsildən sonra da orada qalmağı düşünürəm” – müsahib əlavə edir.
Ümumilikdə isə Bakıdakı LGBTQ+lərin maddi vəziyyətinin yaxşı olmadığını Qıy vaar!-ın keçirdiyi sorğudan da görmək olar.
Bakıda işləyən kuirlər üçün nəzərdə tutulmuş və onların aylıq qazanclarının soruşulduğu sorğuya toplam 53 nəfər qatılıb:
-Aylıq gəliri 300-450 manat arası olanlar: 30%
-Aylıq gəliri 451-600 manat arası olanlar: 23%
-Aylıq gəliri 601-900 manat arası olanlar: 6%
-Aylıq gəliri 901 manatdan çox olanlar: 42%
Sorğudan görünür ki, Bakıda işləyən LGBTQ+lərin 53%-nin gəliri 600 manatdan aşağıdır. Bu isə onları əhalinin yoxsul təbəqəsə arasında görməyimizə əsas verir. Nəzərə alsaq ki, şəxsi mənzili olmayan LGBTQ+lər həm də yuxarıda araşdırdığımız yüksək kirayə haqları ilə üz-üzədirlər, o zaman onların daha ağır iqtisadi durumu ilə bağlı müəyyən təəssüratlarımız formalaşa bilər.
