
Azərbaycanlı sənətçi və kurator Sabina tərəfindən yaradılan festival bədən, gender və seksuallıq haqda tabuları sındırmaq, feminizm və kuirliyin sərhədlərini genişləndirmək üçün bu il Amsterdamda təşkil olunub. Bakıda doğulmuş, hazırda Amsterdamda yaşayan Sabina “Viva la Vulva” festivalını patriarxal düşüncəyə qarşı bir çağırış kimi təsvir edir. Onun sözlərinə görə, festivalın yaranması şəxsi təcrübələri, sosial müşahidə və cəmiyyətin bədən üzərindən qurduğu hakimiyyətə etirazdan doğub.
“Bir dəfə atam mənə dedi ki, “sən əsl qadın deyilsən.” O, haqlı idi. Mən heç vaxt nə qadın, nə də kişi kimi hiss etməmişəm və bununla fəxr edirəm. Çünki cəmiyyətin bizə yüklədiyi gender rolları çox ağırdır” – o deyir.
Sabina deyir ki, patriarxal cəmiyyətdə böyüyəndə o düşünürdü ki, Avropada həyat daha asan və ədalətlidir. Amma daha sonra fikrindən daşınıb. O deyir patriarxiya hər yerdədir və gender rolları harada olursan ol, az və ya çox eynidir. Bu həyatın həqiqi təzahürüdür.
“Viva la Vulva” festivalının fikri bir iş yerində başına gələn seksual zorakılıq hadisəsindən sonra formalaşıb. “Azərbaycandan getdikdən 20 il sonra, mən yenə azərbaycanlı bir kişi tərəfindən seksual zorlama ilə üzləşmişdim. Özümə sual verdim ki, bu qədər il Avropada yaşadıqdan sonra necə olur ki, bu hələ də baş verir?”
Avropada da Qafqazdan və ortaq dəyərlərə sahib subkulturalardan gələn icma yoldaşlarını bir yerə toplayaraq icmalaşmaq, sənətçilər üçün alternativ mühitlər yaratmağı hədəfləyən festival komitəsinə bir neçə suallarımızı da ünvanladıq:
– Festival ictimaiyyətdən necə reaksiyalar alır?
Tez-tez eşidirik ki, insanlar “niyə festivalın adında vulva sözünü istifadə edirsən?” Dünyaya baxanda görürsən ki, penis hər yerdə qeyd olunur və normallaşdırılıb. Cənubi Koreyada bütöv bir “penis parkı” var, Amsterdamda hər suvenir mağazasında penis fiqurları satılır. Amma əksərən vulva görünmür. Çünki bu mövzu hələ də tabu sayılır. Vulva necə görünmürsə, eləcə də kuir insanlar da görünmür. Görünürlük olmayanda bir-birimizi anlamaq da mümkün olmur.
– Azərbaycan kimi patriarxal və senzura ilə üzləşən bir ölkədə feminist və kuir mədəniyyətin inkişafını necə görürsünüz? Viva la Vulvada azərbaycanlı kuirlər də vardı, bu regiondakı aktivistlərə hansı mesajı verirsiniz?
Mən həqiqətən ümid edirəm ki, insanlar feminizmi və kuirliyi “təhlükə” kimi görməyi dayandıracaqlar. Mənim üçün feminizm hər kəsi əhatə edən bir anlayışdır. Trans insanları və seks işçilərini kənara qoyan selektiv feminizm deyil, bərabərlik uğrunda mübarizə aparan feminizmdir. Cəmiyyət sevgi və anlayış əvəzinə sosial normalara boyun əyir və nifrəti seçir. Görünürlük çox vacibdir, çünki o, insanların gözünü açır. Qaranlıqda yaşamaq əvəzinə öyrənməyə imkan yaradır. Dəyişikliyin şahidi olacağımı bilmirəm, amma yaşadığım müddətdə bu dəyişikliyi yaratmağa çalışmaq istəyirəm.
– Festivalın gələcəkdə hansı istiqamətlərdə davam etməsini planlaşdırırsınız?
Biz hələ kiçik bir komandayıq. Məqsədimiz festivalı hər kəs üçün əlçatan etmək və biletləri ödənişsiz saxlamaqdır. Arzumuz festivalı müxtəlif ölkələrə aparmaqdır, çünki bizdə çoxşaxəli və bənzərsiz hekayələrə sahib sənətçilər var. Bu il biz seksuallıq və əlillik, interseks heyvanlar, poliamoriya və evsizlik kimi mövzuları işləmişik, seks işçilərinin moda şousunu təqdim etmişik. Hər bir mövzu göstərirdi ki, birgə yaşamaq və yaradıcılıq mümkündür – hətta illərlə münaqişə ilə bölünmüş Qafqaz regionundan gələn sənətçilər arasında da. Çünki həmrəylik, siyasətdən və heteronormativlikdən yuxarıda dayanır. Biz kiminsə bizə diktə etdiyi qara-ağ dünyada yaşayırıq. Artıq gözlərimizi açmaq, həyatın rənglərini görmək vaxtıdır.











