
Trans qadın müğənni Samira Şah, Bülbülə qəsəbəsində yerləşən mədəniyyət evində keçirilən anım tədbirində mahnı səsləndirməsindən sonra bir sıra mediaların hədəfi halına gəlmişdi. Medialar müğənninin çıxışının ictimai narazılıq yaratdığını yazaraq onun tədbirdə yer almasını mənfi formada təqdim etmişdilər. Müğənni Qıy Vaar!-a açıqlamasında bunların əsassız olduğunu, tədbirin normal qaydada keçdiyini və hər kəsin onu alqışladığını bildirmişdi.
Mediaların müğənninin ifası yer alan görüntüləri paylaşıb mənfi imicdə təqdim etməsi prosesində isə Baku TV daha önə çıxaraq həmin mədəniyyət evinə gedib.
Orada məlum olub ki, anım tədbirini təşkil etdiyi üçün Mirzə Ələkbər Sabir adına Mədəniyyət Evinin məsul şəxsi işdən çıxarılıb.
Baku TV-nin qadın jurnalisti bu reportaj sırasında hansısa cinayət əməlinin üstünü açırmış kimi, mədəniyyət evinə daxil olaraq təlaşlı çəkiliş edib. Daha sonra müxbir işdən çıxarılan qadınla elə oradaca telefon əlaqəsi saxlayır və ona ittihamedici suallar verir.
Qeyd edək ki, Baku TV tərəfindən tez-tez ölkənin LGBTQ+ vətəndaşları bu şəkildə diskriminativ hücumlara məruz qalır.