

Xəzər Universitetinin İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov sosial şəbəkədə eynicinsli nikah mövzusunda paylaşım edib.
Əhmədov yazıb ki, eynicinsli nikahların qanuni olduğu 39 ölkədə ümumilikdə 1,5 milyard insan yaşayır və bu ölkələrin əksəriyyəti “nümunə götürülən mütərəqqi ölkələrdir”. O, eynicinslilərin nikahını “təbiətə qarşı üsyan” kimi dəyərləndirib.
Paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər belə açıqlamaların gənclərin təhsil haqlarının yüksəkliyini, keyfiyyətli təhsilin əlçatmazlığını və beyin axını kimi real problemləri kölgədə qoyduğunu bildiriblər. Digər tərəfdən, bir qrup istifadəçi Əhmədovun fikirlərini dəstəkləyib.
Belə açıqlamalar Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının ayrı-seçkiliyin qadağan olunması ilə bağlı müddəalarına, həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsinin ləyaqət və bərabərlik prinsiplərinə ziddir. Bundan əlavə, ali təhsil müəssisəsinin rəhbərliyində olan şəxsin sosial qrupları hədəfə alan ifadələr işlətməsi akademik etik normaları pozur və təhsil mühitində inklüzivliyin zəifləməsinə səbəb ola bilər.
