

Sentyabrın 25-də Naxçıvanda 3 hərbçi və 1 mülki şəxs tərəfindən təcavüzə məruz qaldığı bildirilən 15 yaşlı oğlanın işi ilə bağlı apelyasiya şikayətinə baxılıb. Bu şikayət daha öncə aşağı instansiya məhkəməsinin hərbçilərdən ikisini mühakimə edərək onlardan birinə 1 il, digərinə isə 9 ay həbs cəzası verməsi ilə bağlı yeniyetmənin ailəsi tərəfindən verilib. Ailə cəzaların artırılmasını tələb edib.
Məhkəmə prosesi, təqsirli bilinən şəxslərdən birinin Sənan Pənahovun cəzasının artırılması ilə nəticələnib. Zərərçəkənin atası Novruz Musayevin verdiyi məlumata görə, əvvəlki məhkəmə qərarına əsasən, Sənan Pənahova yalnız 9 ay cəza verilmişdi.
Novruz Musayev, təcavüzçülər barəsində yüngül cəza qərarları çıxaran hakim Səxavət Hüseynov barəsində də protokol tərtib olunduğunu qeyd edib. Xatırladaq ki, iki həftə öncə Qıy Vaar! apardığı araşdırma ilə həmin hakimin fotosunu əldə edərək yayımlamışdı.
Əlavə olaraq, Novruz Musayev, mülki vətəndaş olan digər bir təqsirləndirilən şəxsin – Barış Əlizadənin cəzalandırıldığını bildirib.
“Bu gün Barış Əlizadənin vəkili ilə görüşdüm və mənə bildirdi ki, artıq məhkəmə keçirilib və Barışa 4 ildən artıq cəza verilib. Mən isə məhkəmənin keçirilməsi barədə heç bir bildiriş almadım,” – deyə Novruz Musayev qeyd edib.
Yeniyetmənin atası Novruz Musayev övladına 3 hərbçi və 1 mülki şəxs olmaqla ümumilikdə 4 nəfər tərəfindən təcavüz edildiyini bildirmişi. Həmin şəxslərlə bağlı vəziyyəti aşağıda təqdim edirik:
- Sənan Pənahov (hərbçi) – cəzası 9 aydan 2 ilə artırıldı.
- Səbuhi Əsədov (hərbçi) – 1 illik həbs cəzası olduğu kimi qüvvədə saxlanıldı.
- Araz Əsədov (hərbçi) – haqqında heç bir cəza yoxdur.
- Barış Əlizadə – yeniyetmənin atası 4 ildən çox cəza aldığını bildirir.