

İndoneziya parlamentində yeni Yayım Qanunu layihəsi ətrafında müzakirələr gedir. Layihə qəbul olunarsa, mediada LGBTQ+ məzmununun tamamilə qadağan ediləcəyi gözlənilir.
Global Press Journal yazır ki, 2025-ci ilin may ayında təqdim edilən qanun layihəsi televiziya və onlayn platformalarda “lezbiyan, gey, biseksual və transların davranışlarını əks etdirən hər cür məzmunun” yayımlanmasını açıq şəkildə qadağan edir.
Layihənin sosial media və digər rəqəmsal kanalları da əhatə etməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, bu addım media sektorunda iş yerlərinin itirilməsinə səbəb ola, həmçinin LGBTQ+ icmasının səhiyyə və həyat üçün vacib olan digər informasiyalara çıxışını məhdudlaşdıra bilər.
Trans hüquqları təşkilatı “Sanggar Swara”nın proqram meneceri Carahanna Marianne Schlovenn deyir ki, media sənayesi çox vaxt LGBTİ+lər, xüsusən də trans qadınlar üçün dolanışıq mənbəyidir. Onun sözlərinə görə, 2016-cı ildə LGBTQ+ məzmununu televiziya və radioda senzura edən qanun bir çox trans qadının əyləncə sektorundakı işini itirməsinə səbəb olmuşdu.
The Jakarta Post isə yazır ki, qanun layihəsi ölkədə geniş narazılıq doğurub. Hüquq müdafiəçiləri bu təşəbbüsü LGBTQ+ fərqindəliyinə qarşı açıq hücum kimi qiymətləndirir və senzuranın daha da güclənəcəyindən ehtiyat edirlər.
Aktivistlər bildirirlər ki, yeni Yayım Qanunu yalnız senzuranı genişləndirmək deyil, həm də LGBT+ icmasının mövcudluğunu silmək məqsədi daşıyır. All Out isə İndoneziya parlamentinə çağırış edərək bu təhlükəli qanun layihəsinin rədd edilməsini tələb edir və qeyd edir: “İndoneziyada sadəcə görünür olmaq artıq cəsarət tələb edir. İndi isə bu qanun layihəsi LGBT+ insanların onlayn məkanlarda belə təhlükəsiz şəkildə mövcudluğunu daha da çətinləşdirəcək”. Kampaniyaya keçid etmək üçün kliklə!