Burkina Fasoda homoseksuallığı cinayət elan edən qanun qəbul edilib

Burkina Fasoda homoseksuallığı cinayət elan edən qanun qəbul edilib
Kapitan İbrahima Traore

Qərbi Afrikada yerləşən Burkina Fasoda hərbi idarəçilər homoseksuallığı cinayət elan edən qanunu qəbul ediblər. 2 sentyabr 2025-ci ildə keçid parlamentində müzakirəyə çıxarılan layihə bütün 71 üzv tərəfindən yekdilliklə təsdiqlənib.

Yeni qanuna görə, homoseksual münasibətdə olduğu müəyyən edilən şəxslər 2 ildən 5 ilə qədər həbs və əlavə olaraq pul cəriməsi ilə cəzalandırılacaq. Ölkəyə gələn əcnəbilər bu qanunu pozduqları halda deportasiya ediləcəklərlər. Ədliyyə naziri Edasso Rodrigue Bayala dövlət televiziyasında çıxış edərək bildirib: “Bu davranışlar mütləq hakim qarşısında cavab verəcəkdir” və homoseksuallığı “qəribə davranış” adlandırıb.

Burkina Faso hazırda 2022-ci ilin sentyabrında çevrilişlə hakimiyyətə gəlmiş kapitan İbrahima Traore tərəfindən idarə olunur. 34 yaşında hakimiyyətə gələn Traore ölkənin ən gənc liderlərindən biridir. O, hakimiyyətə gəldikdən sonra iki-üç ay ərzində təhlükəsizlik vəziyyətini yaxşılaşdıracağına və seçkiləri 2024-cü ildə keçirəcəyinə söz versə də, bu ilin mayında hərbi rəhbərlik seçkilərin ən azı beş il sonraya təxirə salınacağını elan edib. Yeni qəbul edilən qanun ölkədə LGBTQ+ icmasının hüquqi vəziyyətini kəskin şəkildə pisləşdirib.

Paylaş