Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Bloqlar
  • Müstəqillik tarixində LGBTQ+ haqları üçün yeni mərhələ: 2000-ci ildə eynicinsli münasibət cinayət məcəlləsindən necə çıxarılmışdı?
  • Bloqlar

Müstəqillik tarixində LGBTQ+ haqları üçün yeni mərhələ: 2000-ci ildə eynicinsli münasibət cinayət məcəlləsindən necə çıxarılmışdı?

Qıy Vaar! Avqust 25, 2025

Beynəlxalq Helsinki Federasiyasının Azərbaycanda insan haqları pozuntuları ilə bağlı 2001-ci ildə yayımladığı hesabatında qeyd olunur ki, 2000-ci ilin sentybarın 1-də qarşılışlı rza əsasında baş tutan eynicinsli münasibət cinayət olmaqdan çıxarılıb: “Bu, Cinayət Məcəlləsinin 113-cü maddəsi ilə cəzalandırılırdı”.

Qıy Vaar bu qanun dəyişikliyinin tarixçəsini araşdırıb. Dekriminallaşdırmanın həmin dövr üçün Azərbaycan hökümətinin siyasi məqsədləri baxımından nə qədər vacib olduğunu, Azərbaycandaki taxt oyunları sürəcinə necə bağlandığını ortaya qoyub.

Hesabatda göstərilir ki, dekriminallaşdırma Azərbaycan dövlətinin öz təşəbbüsü ilə yox, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyəsinə əsasən həyata keçirilib: “Eynicinsli münasibət yeni Cinayət Məcəlləsinin 13.III.f bəndi ilə dekriminallaşdırıldı. Hazırda, yalnız 150-ci maddə zorakı homoseksual əlaqəyə görə 3-15 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”.

Əlavə olaraq, bu hesabatda həmin dövrdə həbsxada olan kuir fərdlərin vəziyyəti də əks olunub: Onlar tez-tez həbsxanada təzyiq və ayrı-seçkiliyə məruz qalırlar. 2000-ci illərin əvvəlində, bir qrup homoseksual şəxsin Qobustan həbsxanasında baş vermiş üsyanda iştirak etməkdə ittiham olunan siyasi məhbuslar və digər təqsirləndirilənlərə qarşı şahid kimi yalan ifadə verməyə məcbur edildikləri iddia edilmişdir.

Bəs AŞPA-nın Azərbaycana dekriminallaşdırma tövsiyəsi verməsinə nə səbəb olmuşdu?

Eynicinsli münasibətin cinayət olmaqdan çıxarılması prosesinə qayıdaq və həmin dövr üçün LGBTQ+ haqlarında indiyədək görülməyən irəliləyişin pərdə arxasını aydınlaşdıraq.

Azərbaycan 2000-ci ildə Avropa Şurasına üzvlük mərhələsində idi. Lakin heç bir dövlət birbaşa olaraq Avropa Şurasına daxil olmurdu. Bunun üçün ölkələrin qarşılamalı olduğu minumum standartlar var idi və ya dövlətlər üzvlükdən qısa vaxt sonra standartları qarşılamaq öhdəlikləri götürürdülər. Onlar qanunvericiliklərini Avropa Şurasının tələblərinə uyğun yeniləməli idilər.

Eynicinsli münasibətin cinayət əməli olaraq tövsif oluna bilməyəcəyi də Avropa Şurasının qanunvericilik kriteriyaları arasında yer alırdı. Lakin Azərbaycan Avropa Şurasına üzvlük mərhələsində olsa da eynicinsli münasibəti hələ də dekriminallaşdırmamışdı.

ILGA-nin AŞPA-da lobbiçilik fəaliyyəti

Kuir haqları uğrunda dünya çapında mübarizə aparan ILGA (Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və Interseks Assosiyası) Azərbaycanda, Bosniya və Herseqovinada, Ermənistanda eynicinsli münasibətin cinayət məcəlləsindən çıxarılması üçün AŞPA üzvləri ilə danışıqlar həyata keçirir. Bu lobbiçilik fəaliyyətini ILGA-nın Avropa qolu olan ILGA-Avropa aparır. Hər üç dövlət Avropa Şurasına üzvlük yolunda olsalar da, cinayət məcələllələrindən eynicinsli münasibəti çıxarmamışdılar.

ILGA-Avropanın 1999-cu ilin payızından 2000-ci ilin payızınadək olan dövrü əhatə edən fəaliyyət hesabatında qeyd edilir ki, bu ölkələr arasından Bosniya və Herseqovinada eynicinsli münasibətə qadağa ancaq ölkənin daxilindəki Serb Respublikasında olub. ILGA 1999-cu ilin əvvəlində AŞPA-nın hər üç ölkə üzrə məruzəçilərinə narahatlığını bildirib və ilin sonunda bu narahatlığı təkrarlayıb.

ILGA qeyd edir: “Assambleyanın “Siyasi Məsələlər Komitəsinin” və “Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin” məruzəçiləri konkret ərizəçi ölkənin mövqeyini müəyyən etmək və Assambleyaya qoşulmağı dəstəkləmək üçün zəruri olan məcburi öhdəlikləri təklif etmək roluna malikdirlər”.

AŞPA-nın 2000-ci ilin yanvar sessiyasında ILGA-Avropa yuxarıda qeyd edilən hər iki komitənin 180 üzvünə məktub yazaraq sözügedən qanunların ləğvinin hər üç ölkə üçün məcburi bir öhdəlik kimi qəbul edilməsində israr etməyə çağırdı. Aprel ayında baş tutan növbəti sessiyada isə öyrənildi ki, Ermənistan və Azərbaycanın qəbulu iyunda müzakirə olunacaq.

İki ölkənin qəbulunun müzakirəyə çıxarılacağı öyrənildikdən sonra ILGA-Avropa bir sıra parlamentarilərlə şəxsən görüşlər keçirirərək lobbiçilik fəaliyyəti aparır və əlavə 80 üzvə məktubla müraciət edilir. Təşkilat təəssüflə qeyd edir ki, bu zaman “Siyasi Məsələlər Komitəsi” onların müraciətinə cavab verməyib və həmin komitənin hesabatında məsələyə məhəl qoyulmayıb. Təşkilat sonra əlavə edir ki, xoşbəxtlikdən, “Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi” (Siyasi Məsələlər Komitəsinin Hesabatına Rəy vermək vəzifəsi var idi) bu iki ölkədə qanunların ləğv edilməsinə israrla düzəlişlər təklif etdi.

AŞPA-nın iyun sessiyasına az qalmış isə ILGA-Avropaya eynicinsli münasibətlərə qadağanın ləğv edildiyi yeni cinayət məcəlləsinin Azərbaycan parlamentində təsdiqləndiyi xəbəri gəlib (sentyabrda isə çıxarılmış qanun prezident tərəfindən imzalanaraq qüvvəyə minəcəkdi). Bunun ardınca, komitənin Azərbaycanla bağlı təklif etdiyi düzəliş geri götürülüb. Lakin Ermənistana qarşı bu, böyük səs çoxluğu ilə müzakirəyə çıxarılıb və qəbul edilib. ILGA-Avropa öz hesabatında həmin dövr üçün bunu “böyük nailiyyəti” adlandırmağı unutmur.

Qeyd edək ki, Azərbaycanda eynicinsli münasibətin cinayət əməli sayılması Sovetdən qalma hüquqi yanaşma idi. Sovet dövründə LGBTQ+lar ciddi dövlət təqibinə məruz qoyulurdu.

Azərbaycan ILGA-Avropanın hesabatında qeyd olunduğu kimi, 2000-ci ilin iyununda baş tutan AŞPA sessiyasında tamhüquqlu üzvlük üçün müsbət rəy alıb. 2000-ci ilin noyabrındaki Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” başlıqlı qətnamə qəbul edilib. Prosesin sonunda – 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib.

Həmin dövr görə Avropa Şurasına qoşulmaq Azərbaycan höküməti üçün, xüsusilə, prezidentin oğlu və gələcək prezidentliyə favorit namizəd İlham Əliyevin təbliğatı üçün önəmli idi. Elə AŞPA-nın 2001-ci ilin aprelinda baş tutan sessiyasında ilk dəfə iştirak edən Azərbaycan nümayəndə heyəti oraya İlham Əliyevin rəhbərliyi ilə getdi. Həmin illərdə yeni prezident namizədi kimi İlham Əliyevin AŞPA-da uğurlu çıxışlar etməsi, ingiliscə mükəmməl danışması və bundan dolayı yenilikçi, Heydər Əliyevdən fərqli və daha demokratik lider olacağı hökümət qanadının təbliğatında əsas tezislər idi.

Azərbaycanda təkcə LGBTQ+ haqlarında yeni mərhələ sayılan eynicinsli münasibətlərin cinayət məcəlləsindən çıxarılması yox, insan haqlarının hüquqi inkişafına yol açan digər qanunvericiliklər də Avropa Şurasına üzvlüklə bağlı həyata keçirildi. 2001-in yanvarındaki üzvlükdən sonra Azərbaycan 2002-ci ilin aprelində Avropa İnsan Haqları Konvensiyasını və onun protokollarını ratifikasiya etdi. Həmin ilin avqustunda keçirilən referandumla vətəndaşlara yeni yaradılmış Ombudsman Aparatına və Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verildi. Məhkəmə hakimiyyətinin səlahiyyətləri artırıldı. Bütün bunlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər idi ki, referendumla bu öhdəliklərini həyata keçirirdi.

Həmçinin bu referandumla Avropa Şurası qarşısında götürülmüş öhdəliklərdən əlavə olaraq, proporsional seçki sistemi ləğv edildi və sadəcə majoritar seçki sistemi saxlanıldı, ölkənin 2-ci şəxsi statusu Milli Məclisin sədrindən alınıb baş nazirə verildi. Bu referandumdan bir il sonra isə İlham Əliyev baş nazir təyin edildi. O, həmin vaxt xaricdə müalicə alan prezident Heydər Əliyevin səlahiyyətlərini həyata keçirdi.

Bu yazı ilə, Azərbaycanda eynicinsli münasibətin cinayət əməli sayılmaqdan çıxarılması ilə Azərbaycan hakimiyyətinin həmin dövr üçün siyasi məqsədlərinin nə qədər bir-birinə bağlı olduğunu götərməyə, xronoloji ardıcılıqla bu bağları açıqlamağa çalışdıq. Təsadüfi olmaya bilər ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədirlik etdiyi 2014-cü ildə diqqət ayırdığını bəyan etdiyi 4 prioritet sahədən biri “həssas qrupların insan hüquqlarına çıxışının təşviqi” oldu.

Mənbələr: [1], [2], [3]

Paylaş

Continue Reading

Previous: Bakıda bir qızın dənizə atlayaraq intihar etməyə cəhd etdiyi iddia edilib
Next: Snoop Dogg uşaq filmlərində eynicinsli münasibətlərin göstərilməsini tənqid edib

Related Stories

İİV+ olan trans Bakıda sinə implantı əməliyyatı ola bilmir: “Estetik cərrahlar iki qatı pul istəyir, əksəriyyəti isə yox cavabı verir”
  • Bloqlar

İİV+ olan trans Bakıda sinə implantı əməliyyatı ola bilmir: “Estetik cərrahlar iki qatı pul istəyir, əksəriyyəti isə yox cavabı verir”

Sentyabr 2, 2025
İnqilabi öpüşlər
  • Bloqlar

İnqilabi öpüşlər

Avqust 12, 2025
İİV+lərin İş Tapmaq Çətinlikləri, İşəgötürənlər Gizliyiyi Nə üçün Pozur?
  • Bloqlar

İİV+lərin İş Tapmaq Çətinlikləri, İşəgötürənlər Gizliyiyi Nə üçün Pozur?

Avqust 5, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.