

Onlayn oyun platformalarından itch.io və Valve şirkətinin platformaı Steam 20.000-dən çox oyunu platformalarından tamamilə silib və ya listləmələrindən çıxarıb. Buna səbəb kimi “Collective Shout” qruplaşmasının ödəniş prosessorlarına təzyiq etməsi göstərilib.
“Collective Shout” oyunların senzuralanmasının tərkibində seksual zorakılıq və insest kontenti olan oyunlar olduğunu bildirsə də, LGBTQ+ mövzulu oyunlar da aradan qaldırılıb. Bu platformalar addımlarını ödəniş qanunlarına uyğunluq kimi izah etsələr də, bunun oyunlarda kuir görünürlüyünə təsiri dərin və potensial olaraq təhlükəlidir. Valve Steam qaydalarına səssiz yeniləmələr etdi ki, banklara və ödəniş xidmətlərinə nəyin “yetkin məzmun” olduğuna qərar vermək üçün daha çox güc versin. Steam daha sonra bəzi oyunları, xüsusən də insest mövzulu oyunları siyahıdan çıxarmağa başladı.
Itch.io-nun reaksiyası isə daha böyük idi. Platforma, Steam-dən fərqli olaraq, oyunları dərc olunmazdan əvvəl yoxlamadığından, məzmunu mütəşəkkil saxlamaq üçün istifadəçi tərəfindən təyin edilmiş etiketlərə etibar edirdi. Bu isə o qədər də yaxşı qərar deyildi, çünki nəticədə tamamilə SFW – yəni iş mühitinə uyğun LGBTQ+ kontentli bəzi oyunları da platformadan çıxarılmış oldu.
Bunun nə zamana qədər davam edəcəyini heç kim bilmir. Itch.io hələ də ödəniş tərəfdaşlarından son sözü gözlədiyini deyir.
Oyun və oyunçular icmasında LGBTQ+ görünürlüyünə qarşı uzun və sənədləşdirilmiş nifrət tarixçisə var. Kuir developerlərə qarşı hədəfli təqib kampaniyalarından tutmuş, mainstream oyunlarda kuir personajların sistemli şəkildə az göstərilməsinə qədər, sənaye təhlükəsiz və inklüziv məkanlar yaratmaqda daim çətinlik çəkib. İndi isə böyüklər üçün məzmun senzurası adı altında bu mübarizə daha da çətinləşdirmək üzrədir.
LGBTQ+ kimliyi 18+ olacaq?
Qeyd etmək lazımdır ki, listdən qaldırılan oyunların içində 2019- cu ildə Melburn Kuir Oyunlar Festivalında gümüş medal qazanan Grunge da var. Oyunun mövzusu kuir sevgi və məktəb barədədir. Müəllif, oyunun içində seksual mövzuların olması xəbərdarlığını versə də oyunun içində nə seksual zorakılıq, nə də ki insest kontenti yoxdur. X (Twitter) platformasında itch.io-da oyun developerlərindən biri qeyd edir ki, onun oyunu sadəcə LGBTQ+ teqi və transgender personaj olduğu üçün platformadan qaldırılıb.
Ödəniş prosessorları və platforma alqoritmləri incə işləyən alətlər deyillər. Onlar açıq-saçıq bir seksual səhnə ilə romantik lezbiyan hekayə fərqini anlamırlar. Developerlər “yuri” və ya “LGBT” kimi teqlərdən istifadə etdiklərinə görə tamamilə iş mühitinə uyğun (SFW) oyunların belə platformadan silinməsi iki cür effekt yaradır:
-Developerlər özlərini senzuralayırlar ki, işləri oyunlar listindən çıxarılmasın və ya gəlirləri kəsilməsin.
-Auditoriya kuir hekayələrin görünürlüyünü itirir, bu da kuirliyin “təhlükəli” olması ideyasını gücləndirir.
Təmsil olunmaq uğrunda mübarizə aparan bir icma üçün bu, ağır zərbədir. Vurğulamaq vacibdir ki, belə bir addım, oyun icması içində “gey” sözünü hələ də təhqir kimi işlədən oyunçuların köklü qərəzlərini möhkəmləndirir.
Oyunlar əslində sənətin bir növüdür. Bir çox developerlər öz yaşadıqlarını yaratdığı oyunlarla ifadə edirlər. Eyni şey oyunun auditoriyası üçün də keçərlidir. Məsələ sadəcə bəzi oyunların siyahıdan çıxarılması deyil həm də silmə meyarları marginallaşdırılmış yaradıcıları nisbətsiz dərəcədə hədəf edir. Əgər platformalar və ödəniş prosessorları həqiqətən zərərli məzmunla kuir məzmunları ayıra bilmirsə, LGBTQ+ kontentli oyun yaradıcıları həmişə bu “neytral” qaydaların yükünü daşımalı olacaqlar. Düzəliş olunmazsa, bu sərt tədbirlər oyunlarda LGBTQ+ məzmunların əhəmiyyətsiz, asanca silinə bilən və ya təbiətcə yetkinlər üçün olduğu fikrini yarada bilər. İctimai rəy görünürlükdən və ya yoxluqdan formalaşır. Hazırda isə görünürlük getdikcə azalır.