İİV+lərin İş Tapmaq Çətinlikləri, İşəgötürənlər Gizliyiyi Nə üçün Pozur?

İİV+lərin İş Tapmaq Çətinlikləri, İşəgötürənlər Gizliyiyi Nə üçün Pozur?

İİV statusunun açıqlanması hələ də bir çox fərd üçün riskli hesab olunur. İşə alınmamaq, cəmiyyət tərəfindən ayrıseçkilik və nifrətlə üzləşmək ehtimalı İİV statusunun konfidensiallığını vacibləşdirir. Dövlət tərəfindən də konfidensiallığın qorunması üçün qanunvericilikdə müəyyən maddələr nəzərdə tutulmuşdur.


“4.0.5. İİV-ə tibbi müayinənin anonimliyinə və konfidensiallığına təminat verilməsi”

Bu “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun bir bəndidir. Buradakı “konfidensiallıq” ifadəsinə də həmin qanunda “əsas müddəalar” bölümündə aşağıdakı kimi tərif verilir: “1.0.7. İİV-ə konfidensial müayinə — müayinə və onun nəticələri barədə məlumatın gizli saxlanılmasına zəmanət verməklə İİV-ə tibbi müayinə”

İşçidən hərbi bilet tələb etmə qanunsuzluğu

Amma biz hələ də, bu qanunun tətbiqi zamanı müəyyən uyğunsuzluğun mövcudluğunu aşkar edirik. Belə ki, İİV statusu səbəbi ilə hərbi xidmətə yararsız hesab olunan şəxslərin hərbi biletlərində “Hərbi vəzifəlilikdən azad edilmə haqqında qeydlər” bölümündə xəstəliyin “xəstəliklər cədvəlinə” müvafiq maddəsi qeyd olunur. Bu maddələrin mənasına isə hər kəs e-qanun portalından “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməni taparaq baxa bilər. Günümüzdə işə götürmə prosesi zamanı əksər işəgötürən bioloji kişi cinsli namizədlər üçün tələb olunan sənədlər siyahısında yararlılıq kateqoriyası fərq etmədən hərbi bileti də əlavə edir. İşəgötürənlər bunu müraciətçilərin hərbi xidmətə yararsız olsa belə hansı səbəbdən yarasız olduqlarını bilmək istədikləri ilə əsaslandırırlar. Çox zaman da “bəlkə psixoloji problemləri var deyə hərbi xidmətə yararsız sayılıb və iş mühitinə uyğun deyil” səbəbini gətirirlər.

Onu da qeyd edim ki, sisgender qadınlarda hərbi bilet deyə bir sənəd olmadığından belə bir tələb də mövcud deyil və sisgender kişilərdən hərbi bilet istəmələri üçün səbəb kimi göstərdikləri nüanslar sisgender qadınlarda olsa belə öyrənə bilməyəcəklər. Bu, özü də, əslində, işə müraciət prosesi zamanı ayrıseçkilik nüansı kimi qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən isə əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, təhsil haqqında sənəd, əmək kitabçası və sağlamlıq haqqında arayış daxildir ki, bunların da tələb olunması üçün xüsusi şərtlər var. Qanunda o da qeyd olunur ki, əmək münasibətlərinə girən işçidən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, bu məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır. Hardasa hər şirkətdə qarşımıza çıxan tələblərdə isə biz bunun əksinə, hərbi bilet, məhkumluq haqqında arayış və bəzən digər sənədləri də görmüş oluruq.

Son iki ayda iki iş müraciətində problem

Təkcə mən bu yaxınlarda hərbi biletə görə iki iş yerində problem yaşamışam. İlkində hələ sağlamlıq haqqında arayış almaq üçün göndərildiyim klinika məndən hərbi bilet tələb etmiş, hələ almadığımı dedikdən sonra mütləq şəkildə ən azından orda yazılan maddəni və ya xəstəliyi öyrənməyim tələb olunmuşdu. Müzakirədən sonra həkimdir, heç nə olmaz, peşə sirri kimi saxlayar deyə düşünüb İİV pozitiv olduğumu həkimlə bölüşdüm. Onlar da bunu öyrənən kimi dəfələrlə etiraz etməyimə rəğmən, əlavə qan alıb İİV testi etməsəm arayış verməyəcəklərini bildirdilər. Sonda razılaşdım. Çünki, ümidim var idi ki, müraciət etdiyim şirkət statusumu bilsə belə humanist yanaşacaq. Şirkət də bunu öyrəndikdən sonra işə almaqdan imtina etdi. Bu zaman mən klinikanı səhiyyə nazirliyinə, işəgötürən şirkəti də əmək müfəttişliyinə şikayət etdim. Hər iki dövlət qurumu məsələnin həllinə yönəlik nəsə etməkdə gücsüz qaldı. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, əlimdə tibbi arayışda İİV statusumun qeyd olunduğu sənədlər olmasına rəğmən, klinikanın “biz konfidensiallığı pozmamışıq, vətəndaş özü sosial şəbəkələrdə paylaşım edərək öz gizliliyini açığa çıxarıb” bəhanəsi ilə razılaşdı. Əmək müfəttişliyi isə ümumiyyətlə elə cavab verdi ki, “qurumun mövcudluğunun nə mənası var?” sualını vermədən durmaq mümkün deyil. Aşağıda o cavabla bağlı nə demək istədiyimi tam anladan iki hissəni qeyd etmişəm:

“…Araşdırma zamanı Müəssisənin ünvanına məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin Müəssisə tərəfindən sənədlər araşdırmaya təqdim edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır…”

“…Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildiririk ki, Müəssisə tərəfindən sənədlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətiniz yenidən araşdırılaraq cavablandırılacaqdır…”

Yəni, müəssisə nə zaman özü öz xoşu ilə prosesin irəliləməsinə maraq göstərəcək, o zaman müfəttişlik nəsə edə biləcək. Müəssisənin də öz əleyhinə olan belə bir vəziyyətdə müfəttişliklə əməkdaşlıq edəcəyini heç düşünmürəm. Bu məsələ üzrə təkrar müraciətlər olunduğundan və hələ də bu müraciətlər nəticələnmədiyindən hazırda haqqında daha çox məlumat bölüşə bilmirəm. İrəliləyiş olduqca təcrübəmi bölüşməyi planlayıram.

Müraciət etdiyim ikinci işəgötürəndə isə maksimum diqqətli davranacaqdım. Arayış üçün işəgötürən tərəfindən tövsiyə olunan klinikaları yaxşıca gözdən keçirib, gözəlcə araşdırdım. Daha sonra ən optimal hesab etdiyimə getdim. Xoşbəxtlikdən burada hərbi bilet məsələsi heç soruşulmadı belə. Rahatca arayışı alıb, işəgötürənə yaxınlaşdım. Burada isə problem hərbi biletin özü oldu. Uzun zaman idi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsi ilə (SHXÇDX) yaranmış narazılıqdan dolayı hərbi biletimi ala bilməmişdim. Onun əvəzinə hər yerə “ağ bilet” kimi tanınan mavi üzlü İlkin Hərbi Qeydiyyata Alınma Haqqında Vəsiqəni verirdim. Əksəriyyətində işə yarasa da burada alınmadı. Nəhayət, bir az danışıqdan sonra hərbi biletimi ala bildim. O da, yuxarıda qeyd etdiyim kimi yararsız hesab olunduğum maddə ilə birgə. Artıq bu işəgötürən də İİV statusumu öyrənmiş oldu. Hələ ki, insan resursları şöbəsi humanist davranmağa çalışır və mümkün qədər rəsmiləşə bilməyim üçün əlindən gələni edir, amma yenə də ortada dəqiq nəsə yoxdur. Bunun da sonu nə olacaq, bilinmir.

Ən pisi də ondadır ki, İİV statusumu öyrəndiyim gündən bu günə qədər, İİV haqqında məlumatı olmayanlara və yeni yoluxmuş şəxslərə dəstək olmaq məqsədi ilə həm öz şəxsi, həm İİV kontent paylaşdığım instaqram səhifələri vasitəsi maarifləndirici məlumatlar yayıram. Eyni zamanda, digər icma qrupları ilə birgə insanlara İİV-ə yoluxmanın qorxulu bir şey olmadığını, iş həyatında heç bir problem yaşamayacaqlarını və konfidensiallığın tam qorunduğunu hər zaman desəm də, bu günlərdə tam tərsini öz həyat təcrübəmdə yaşayıram. Yaxın zaman aralığında İİV statusunun pozitiv olduğunu öyrənən, daha sonra mənimlə əlaqəyə keçən tanışım nə olursa olsun İİV satusunu gizli saxlayıb hərbi xidmətə gedəcəyini vurğulayır. Mən əlimdə güvənilir səbəblər qalmadığından artıq onu bunu etməməyə motivə edə bilmirəm…

Müəllif: Murad Miri

Paylaş