
Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makron amerikalı siyasi şərhçi Candace Owens-ə qarşı böhtan iddiası ilə məhkəmə işi qaldırıblar. PinkNews-un məlumatına görə, Makronlar Owens-i Brijit Makronun guya trans qadın olması ilə bağlı yalan və təhqiredici iddialar yaymaqda ittiham edirlər.
219 səhifəlik şikayət ərizəsində bildirilir ki, Candace Owens bu yalan nəzəriyyəni sosial şəbəkələrdə və videolarda qəsdən yayıb və Brijit Makron haqqında 8 hissəlik audio-vizual seriya hazırlayıb və onun gender kimliyi üzərindən “qarayaxma kampaniyası” aparıb.
Makronlar bu kampaniyanı “insanlığa sığmayan və davamlı zorakılıq”, yayılmış yalanları isə “aşağılayıcı və sübutlarla təkzib olunan” kimi qiymətləndiriblər. Onların sözlərinə görə, bu dezinformasiyalar onların ailə həyatına, dostlarına və ictimai imicinə ciddi ziyan vurub.
Candace Owens isə məsələ ilə bağlı istehzalı şəkildə cavab verib. Instagram-da Financial Times-ın bu haqda paylaşımını yayımlayaraq “Həyatım haqqında xəbərləri hər dəfə mətbuatdan öyrənirəm” yazıb, ardından isə Makronların şəklini paylaşaraq “Bu gün onları biabır edəcəm, izləmədə qalın” deyə əlavə edib.
Eyni gün YouTube-da yayımladığı “BREAKING! Brigitte Sues Me For Defamation” adlı videoda isə jurnalist iddianı təsdiqləyib və Brijit Makron haqqında təhqiramiz ifadələr işlətməyə davam edərək “bu gün Fransanın birinci kişixanımı tərəfindən məhkəməlik olmuşam” deyib. Bir saatlıq videoda jurnalist Brijit Makrona qarşı təhqiramiz ritorikasını davam etdirərək onu “axmaq kişi” adlandırıb və Fransada Brijitin daha əvvəl iki qadına qarşı açdığı böhtan işi ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, Brijit Makron daha əvvəl onu trans qadın adlandıran iki qadını məhkəməyə vermiş, lakin Paris apellyasiya məhkəməsi onların barəsində çıxarılmış böhtan hökmünü ləğv etmişdi.
Son olaraq transfob jurnalist “Bu mübarizəyə hazıram. İnanın mənə, bu mübarizəyə tam hazıram.” – deyib.