
Əsasən geylər üçün olan tanışlıq platforması Grindr, bir çox diskriminativ ifadələrə icazə verdiyi halda, “No Zionists” (“Sionistlərlə görüşmürəm”) yazan istifadəçilərə senzura tətbiq edir.
404 Media jurnalisti Samantha Cole-un apardığı testlərə əsasən, istifadəçilər öz profil bölmələrində “No Zionists” ifadəsini yazmağa çalışdıqda, “Aşağıdakı ifadələrə icazə verilmir: no zionist, no zionists” tipli xəbərdarlıqla qarşılaşıblar.
Lakin, Grindr uzun illərdir istifadəçilərə “No Arabs” (ərəblərlə görüşmürəm), “No Blacks” (qaralarla yox), “No Asians” (asiyalılarla görüşmürəm), “No Fats, No Fems” (kök və feminen olanlarla görüşmürəm) kimi ifadələri yazmağa imkan verir. Hətta etnik kimlik, bədən quruluşu, din və ya cinsi ifadə tərzi ilə bağlı açıq şəkildə diskriminasiyaya yol açan bu ifadələrə qarşı indiyə qədər effektiv senzura tətbiq edilməyib.
Grindr-ın bu yanaşması ictimai qınağa səbəb olub. LGBTQ Nation yazır ki, istifadəçilər artıq 2024-cü ilin yazından etibarən “No Zionists” ifadəsinin bloklandığını müşahidə edirlər. Ancaq şirkət bu məhdudiyyətin nə zaman və hansı qayda əsasında tətbiq olunduğunu ictimaiyyətə açıqlamayıb. Grindr-ın xidmət şərtlərində də bu ifadəyə dair hər hansı bir qadağa yer almır.
Tənqidlər artdıqdan sonra, Grindr 2025-ci ilin iyulun sonunda bu senzuranı ləğv etdiyini bəyan edib. Amma bir çox insan haqları fəalları bu dəyişikliklərin davamlı və şəffaf siyasət olmadan simvolik addımdan o yana keçmədiyini düşünür.