

Bakıda 22 apreldə Murad Miri, sosial media hesabında “Xəzər Klinikası”nda başına gələn qanun pozuntusu ilə bağlı ictimaiyyətə müraciət edib. Onun paylaşımına görə, iş üçün müraciət etdiyi şirkət tərəfindən sağlamlıq arayışı almaq məqsədilə “Sahib MMC”yə məxsus “Xəzər Klinikası”na yönləndirilib. Klinikada ona qarşı qanunsuz və diskriminativ davranış sərgiləndiyi iddia edilir.
Zərərçəkənin sözlərinə görə, arayış zamanı hərbi bilet tələb olunub. Səhhətinə görə hərbi xidmətə yararsız olduğunu bildirib və məsələni açıqlamaq istəmədiyini qeyd edib. Lakin klinika əməkdaşları israrlı suallarla onun İİV+ statusunu öyrəndikdən sonra yalnız bu məlumatdan sonra əlavə İİV analizləri götürülüb və arayışa bu haqda qeydlər əlavə olunub. Zərərçəkən bununla razılaşmayaraq bildirib ki, bu, qanunvericiliyə ziddir və işə qəbul sahəsi (satıcı) üçün İİV statusunun heç bir hüquqi və tibbi əhəmiyyəti yoxdur.
Qanunvericiliyə əsasən, yalnız bəzi konkret sahələrdə (qanla işləmə, donorluq, ordu xidməti və s.) İİV statusu ilə bağlı məlumat tələb oluna bilər və bu da məcburi xarakter daşımır. Digər sahələrdə bu cür məlumatın tələb olunması və paylaşılması qanunsuzdur və şəxsin anonimlik hüququnun pozulması hesab olunur.
Zərərçəkən qeyd edib ki, dövlət poliklinikaları bu prinsiplərə əməl edir, lakin özəl sektorda, xüsusilə “Xəzər Klinikası” kimi müəssisələrdə bu sahədə ciddi pozuntular mövcuddur. O, məsul qurumlara – Səhiyyə Nazirliyi, TƏBİB, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğa müraciət edərək məsələyə hüquqi qiymət verilməsini və belə halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmlərinin tətbiq olunmasını tələb edib.
İctimaiyyətə edilən bu müraciət İİV+ şəxslərin əmək bazarında və tibbi müəssisələrdə qarşılaşdığı mütəmadi diskriminasiyanın daha bir nümunəsidir. Hadisə, Azərbaycanda anonim tibbi məlumatların qorunması və insan hüquqları sahəsində mövcud boşluqları və baş verənlərin LGBTQ+ həyatlarımıza təsirini daha aydın göstərir.

Hüquqşünas Röya Məlikzadə Qıy Vaar! üçün hadisənin hüquqi tərəfini izah edib: İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəxsi İİV-ə yoluxması faktına görə işə qəbul etməkdən imtina etmək, işdə irəli çəkilməsinə mane olmaq və ya işdən azad etmək qadağandır. Bu qaydaya yalnız Nazirlər Kabinetinin təsdiq etdiyi “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrin siyahısı” əsasında istisnalar tətbiq oluna bilər; məsələn yüksək və ya aşağı temperatur, təzyiq, vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı ilə əlaqəli işlər; kimyəvi məhsullarla təmas tələb edən işlər, mədən-sənaye işləri, fiziki hazırlıq və gərginlik tələb edən işlər və s.
Qanunun 15-ci maddəsi və Əmək Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq, yalnız yuxarıda qeyd olunan siyahı üzrə fəaliyyət göstərən müəssisələr, işə qəbul zamanı İİV ilə əlaqədar tibbi müayinə tələb etmək hüququna malikdir. Digər hallarda, şəxsin İİV statusu ilə maraqlanmaq və bu əsasda hər hansı məhdudiyyət tətbiq etmək qanunsuzdur.
Eləcə də “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanuna əsasən, İİV-lə yaşayan şəxslər infeksiyası ilə əlaqədar diskriminasiyaya və stiqmatizasiyaya məruz qalmamalı və onlara humanist münasibət bəslənilməlidir.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 192.10-cu maddəsinə əsasən, insanın İİV-ə yoluxması səbəbindən onu işə qəbul etməkdən imtina edən və ya bu səbəblə işdən azad edən vəzifəli şəxs 1500 manatdan 2000 manatadək cərimə olunur.
Qıy Vaar!, 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır. Kuirsənsə və ayrı-seçkiliklə üzləşmisənsə, bizə yaz.