

Trump-ın Qayıdışı və Sağçı Dalğa: Azərbaycanda LGBTQ+ İcmasını Nə Gözləyir?
2025-ci ilin yanvarında Donald Trampın yenidən ABŞ prezidenti vəzifəsinə başlaması ilə LGBTQ+ hüquqlarına qarşı yeni məhdudiyyətlər qüvvəyə minib. Onun ilk qərarlarından biri federal hökumətin yalnız iki bioloji cinsi – kişi və qadını tanıması ilə bağlı sərəncam imzalamaq olub. Bu, transgenderlərin rəsmi sənədlərində gender markerini dəyişməsini qeyri-mümkün edib və hökumət qurumlarına “gender” anlayışını siyasətlərindən çıxarmağı tapşırıb.
Bundan bir həftə sonra Tramp LGBTQ+ icmasına qarşı daha bir addım ataraq 19 yaşdan aşağı şəxslərin gender keçidinə federal dəstəyin tamamilə dayandırılması barədə sərəncam imzalayıb. Federal sığorta proqramlarından gender adaptasiya tibbi xidmətləri çıxarıldı və bu xidməti təklif edən tibb müəssisələri və universitetlər hədəfə alındı. Həmin gün transgender şəxslərin ABŞ ordusunda xidmət etməsini qadağan edən başqa bir sərəncam da qüvvəyə mindi.
Trampın bu qərarları ABŞ daxilində geniş etirazlara səbəb olub. İnsan hüquqları təşkilatları və LGBTQ+ fəalları artıq bu addımların konstitusiyaya zidd olduğunu bildirərək məhkəməyə müraciət edəcəklərini açıqlayıblar. Lakin bu sərəncamların təsiri yalnız ABŞ-la məhdudlaşmır. Qlobal miqyasda sağçı qüvvələrin güclənməsi artıq LGBTQ+ hüquqları üçün ciddi bir təhlükəyə çevrilib.
Sağçı Dalğa Güclənir: Növbəti Hədəf Azərbaycandakı LGBTQ+ İcmasıdır?
Son illərdə sağ populizmin yüksəlişi Avropada və Şərqi Avrasiya ölkələrində LGBTQ+ icmasına qarşı təzyiqlərin artması ilə müşayiət olunub. Macarıstanda Viktor Orban hökumətinin LGBTQ+ haqlarını məhdudlaşdırması, Polşada “LGBT-dən azad zonalar” elan edilməsi və Rusiyada homoseksuallığın “qeyri-ənənəvi dəyər” elan edilməsi bu tendensiyanın bir hissəsidir.
Azərbaycan isə uzun illərdir LGBTQ+ üçün təhlükəli məkanlardan biri olub. LGBTQ+ icmasının hüquqi qorunması yoxdur, dövlət təbliğatında bu mövzu milli-mənəvi dəyərlərə zidd bir ideologiya kimi təqdim edilir. 2017-ci ildə Bakıda LGBTQ+lərin kütləvi şəkildə saxlanılması, son illərdə aktivistlərə qarşı basqıların artması və nifrət cinayətlərinin cəzasız qalması bu icmanın nə qədər güvənsiz olduğunu göstərir.
Trampın LGBTQ+ hüquqlarına qarşı sərt siyasət yürütməsi Azərbaycanın mühafizəkar dairələri üçün əlavə legitimlik yarada bilər. Beynəlxalq basğının azalması və ABŞ kimi nüfuzlu bir ölkədə LGBTQ+ hüquqlarının geri addımlaması Azərbaycan hakimiyyətinin LGBTQ+ icmasına qarşı təzyiqlərini artırmaq üçün əlverişli zəmin yarada bilər.
LGBTQ+ İcması Qarşısında Yeni Çağırışlar
Azərbaycanda LGBTQ+ fəallar üçün vəziyyət çətin olaraq qalır. Qanunvericilikdə nə nifrət cinayətlərini tanıyan maddələr var, nə də cinsi oriyentasiyaya və gender kimliyinə görə ayrı-seçkiliyin qarşısını alan qanunlar. Transgender şəxslər üçün sənəd dəyişmək prosesi qeyri-mümkündür, homoseksual və biseksual şəxslər isə cəmiyyət tərəfindən ciddi damğalanmaya məruz qalır.
Trampın siyasətləri LGBTQ+ hüquqlarına qarşı qlobal hücumun bir hissəsi kimi qiymətləndirilə bilər. ABŞ-da baş verən dəyişikliklər Azərbaycanın da daxil olduğu post-sovet ölkələrində LGBTQ+ icmasının üzləşdiyi riskləri daha da artırır. Lakin fəallar inanır ki, bu, eyni zamanda, daha strateji və davamlı müqavimət formalarının inkişaf etdirilməsi üçün bir çağırış ola bilər.
Azərbaycan LGBTQ+ icması üçün gələcək qeyri-müəyyən və çətin görünə bilər, amma bu, mübarizənin dayanacağı demək deyil. Çünki ən qaranlıq dövrlərdə belə, səsimizi çıxarmaq və mövcudluğumuzu inkar edənlərə qarşı dayanmaq yeganə seçimimizdir.

Ploretar ördək
Xəbər yazmağı və araşdırmağı sevir. Virtual deyil, anonimdir.