
17 aprel 2025-ci il tarixində Haaqada azyaşlı trans qaçqın Alisanın intaharından sonra etiraz aksiyası təşkil olunub.
“Trans Utrecht & Beyond” təşkilatının təşkil etdiyi bu aksiya təxminən iki yüz nəfərin iştirakı ilə baş tutub.Aksiyada trans qaçqınlar çıxış edərək yaşadıqları təhlükəli həyat şəraiti və qaçqın düşərgələrindəki qeyri-insani münasibətlər barədə danışıblar.
Azərbaycanlı trans qaçqın Anna öz çıxışında bildirdi:
“Bu gün burada yalnız bir qaçqın kimi deyil, eyni zamanda trans qadın olaraq danışıram. Mən ölkəmi tərk etmişəm, çünki orada özüm olmaq hər gün təhdid olunmaq demək idi. Mən kim olduğuma görə həbs olundum, təqib edildim. Hələ də məni axtarırlar. Mən təhlükədə idim və hələ də təhlükədəyəm.”

Anna əlavə edir:
“Mən cinayətkar deyiləm, insanam. Mənim kimliyim cinayət deyil. Tək istəyim təhlükəsizlikdir. Yaşamaq və var olmaq hüququ. LGBTQIA+ qaçqınlar statistika deyil, biz varıq, biz gerçəyik. Biz yaşamaq və təhlükəsiz olmaq haqqına sahibik.”
Etiraz zamanı iştirakçılar “Trans uşaqları qoruyun”, “Transfobiyaya son”, “Kapitalizmə son”, “İrqçiliyə son” kimi şüarlarla çıxış etdilər və rəngarəng plakatlar nümayiş etdirdilər.
Aksiya Alisanın faciəli intaharı ilə əlaqədar olaraq LGBTQIA+ qaçqınların qarşılaşdığı problemləri gündəmə gətirmək, onların təhlükəsiz və insanlara layiq şəkildə yaşamaq hüquqlarını müdafiə etmək məqsədilə təşkil olunmuşdu.
