

Tramp administrasiyası sığınacaq axtaran geyi El Salvadorun yüksək təhlükəsizlikli həbsxanasına deportasiya edib. Attitude Magazine jurnalı yazır ki, ABŞ-da sığınacaq axtaran bir gey El Salvadorun yüksək təhlükəsizlikli həbsxanasına göndərilib.
Andry José Hernández Romero adlı şəxs keçən il ABŞ-a gəlib və sığınacaq üçün müraciət edib. Lakin 15 martda Tramp administrasiyası tərəfindən 238 nəfərlə birlikdə deportasiya olunub. Bu barədə CBS News məlumat yayıb.
Romero, El Salvadorun “Tecoluca” şəhərində yerləşən və ölkənin ən sərt rejimli həbsxanası sayılan CECOT-a (Terrorçular üçün Təcridetmə Mərkəzi) yerləşdirilib. Bu deportasiyalar ABŞ prezidenti Donald Tramp və El Salvador prezidenti Nayib Bukele arasında əldə olunmuş razılaşma nəticəsində baş tutub. Deportasiya olunan şəxslərin ailələri və vəkilləri onlarla heç bir əlaqə qura bilmədiklərini deyirlər.
Romero-nun vəkili Lindsay Toczylowski “60 Minutes” adlı proqramda danışaraq deyib ki, bir gün sonra məhkəməyə gətirilməli olan zərərçəkən birdən-birə yoxa çıxıb.
“Müştərimiz sığınacaq müraciətini davam etdirirdi, amma bir gün var idi, ertəsi gün məhkəməyə gətirilməli idi və yoxa çıxdı. Onu şirin, zarafatcıl bir sənətçi kimi tanıyırıq. İndi isə ən dəhşətli şəraitdədir..”
TIME jurnalının fotojurnalisti Filip Holsinger isə CECOT-dan reportaj hazırlayarkən bir gəncin “Mən banda üzvü deyiləm. Mən geyəm. Mən stilistəm.” eşitdiyini bildirib. Daha sonra həmin adam, anasına səslənib, bundan sonra ona qarşı zorakılıq olub və başı qırxılıb.
ABŞ immiqrasiya rəsmiləri Romeronu Venesuelada fəaliyyət göstərən “Tren de Aragua” adlı kriminal qruplaşmaya üzv olmaqda ittiham edir. Tək sübut kimi onun bədənindəki tac döymələrini göstərirlər. Lakin vəkili bildirir ki, bu döymələr onun gözəllik müsabiqələri sahəsində çalışması ilə əlaqəlidir. Bu sahədə tac simvolu tez-tez istifadə olunur. Üstəlik, döymələrin üzərində onun valideynlərinin adları da var: “Onun bu şəraitdə sağ qala bilməyəcəyindən çox narahatıq” – deyə Toczylowski əlavə edib.
Romero-nun anası, Alexis Dolores Romero de Hernández isə The Guardian-a deyib: “Bu tac döymələri bir çox insanda var. Bu, onu banda üzvü etmir… Onun heç vaxt hüquqla problemi olmayıb. Oğlumu azad edin. Onun işinə bir də baxın. O, banda üzvü deyil.”