

Keçmiş deputat Tahir Kərimli LGBTQ+lara qarşı nifrət nitqləri ilə tanınır. O, dəfələrlə müsahibələrində və çıxışlarında ayrı-seçkiliyi təbliğ edən ifadələr işlədib. Yaxınlarda isə o, “Pravda.az” xəbər portalına verdiyi müsahibədə LGBTQ+ icması barədə təhqiramiz fikirlər səsləndirib. Kərimli LGBTQ+ları “murdar”, “harın” adlandıraraq, onların “xəstəxanaya salınmalı” olduğunu iddia edib.
“Üzdəniraqları sıxışdırmaq, bunlara qarşı ciddi mübarizə aparmaq lazımdır. Xəstədirlərsə, xəstəxana düzəldib hamısını ora basmaq lazımdır, müalicə olunsunlar. Mən heç onların xəstə olduqlarını hesab etmirəm, harınlıq və murdarlığın nişanəsidirlər. Mənəvi, siyasi cəhətdən hamısını gözdən salmaq lazımdır.”
Kərimli çıxışında Azərbaycan cəmiyyətində LGBTQ+ mövzusunun gündəmə gəlməsini “əxlaqsızlıq” adlandırıb və ölkədə bu insanların varlığının qarşısının “qəti şəkildə alınmalı” olduğunu söyləyib.
“Azərbaycan o dərəcədə özünü itirməməlidir ki, üzdəniraqlar sərbəst həyat sürsün. Bizim yüzillik ənənələrimiz var, Qafqazlı, türk, müsəlman ola-ola necə belə murdarlığa imkan veririk?” – deyə o bildirib.