Suriyada LGBTİ+ icması dövlət və dini qrupların təzyiqi altındadır

Suriyada LGBTİ+ icması dövlət və dini qrupların təzyiqi altındadır
X.com/SN_Nahas

Suriya hökumətinin repressiv qanunları və silahlı islamçı qrupların zorakılığı arasında sıxışan kuir icma ölkədə mövcud olmaq uğrunda mübarizə aparır. “The New Arab” və “Guardian of Equality Movement” mənbələrin məlumatına görə, 2025-ci ilin ortalarından etibarən ölkədə LGBTİ+lərə qarşı zorakılıq yenidən artıb.

Suriyada hələ də qüvvədə olan Cinayət Məcəlləsinin 520-ci maddəsi “təbii olmayan cinsi əlaqə”ni cinayət hesab edir. Bu norma uzun illərdir eynicinsli münasibətləri və gender normativinə zidd davranışları cəzalandırmaq üçün istifadə olunur. 

Hüquq müdafiəçiləri bildirirlər ki, əsl məqsəd marginallaşdırılan cinsi orientasiya və ya gender kimlikli insanları qorxutmaqdır.

Guardian of Equality Movement-in hesabatında qeyd edilir ki, xüsusilə Dəməşq, Hələb və Homsda trans qadınlara qarşı “ev basğınları” və “məcburi tibbi müayinələr” artıb. Təhlükəsizlik qüvvələrinin icma üzvlərini “ictimai əxlaqı pozmaqda” ittiham edərək həbs etdiyi hallar da çoxalıb.

Bununla yanaşı, ölkənin bəzi bölgələrində, xüsusilə İdlib və Raqqada radikal islamçı qruplar kuirlərə qarşı fiziki zorakılıq və edam təhdidləri ilə çıxışlar edirlər. “The New Arab”ın apardığı araşdırmaya görə, bu qruplar arasında “homoseksualları öldürmək halaldır” kimi çağırışlar geniş yayılıb. Bu, İŞİD dövründən qalan “şəriət ədaləti” anlayışının davamı kimi görülür.

Suriyada LGBTİ+ icmaları bir tərəfdən dövlətin repressiv strukturları, digər tərəfdən isə dini motivli zorakı qrupların təzyiqi altında yaşayırlar. Bu səbəbdən, bir çox LGBTİ+ ölkəni tərk etməyə çalışır. BMT Qaçqınlar Agentliyinin məlumatına əsasən, son illərdə Suriyadan çıxan kuir qaçqınların sayı xeyli artıb, onların əsasən Türkiyə, Livan və Avropa ölkələrinə üz tuturlar.

İstinadlar: [1], [2], [3]

Paylaş