

Slovakiya Konstitusiyasında dəyişiklik edilərək yalnız iki cinsin (kişi və qadının) tanınması qanuniləşdirilib. Yeni qəbul edilən düzəlişdə qeyd olunur ki, “Slovakiya Respublikası yalnız bioloji olaraq müəyyən edilən iki cinsi tanıyır.”
TASR xəbər agentliyinin məlumatına görə, Bratislavadakı Milli Şurada 150 deputatdan 90-ı dəyişikliyin lehinə, yalnız 7 nəfər isə əleyhinə səs verib.
Dəyişiklik həmçinin övladlığa götürmə hüququnu yalnız evli heteroseksual cütlüklərlə məhdudlaşdırır və surroqat analığı qadağan edir.
Baş nazir Robert Fico yanvarın sonunda qanunun dərcindən sonra çıxış edərək, bu addımı “əcdadlarımızın ənənələri, mədəni və mənəvi irsi”nə əsaslanan və “proqressiv siyasətə qarşı konstitusion baryer” kimi qiymətləndirib. O, bunu həm də “sağlam düşüncəyə dönüş” adlandırıb.
Avropa Şurasının Venesiya Komissiyası isə xəbərdarlıq edərək bildirib ki, “milli kimlik”, “mədəni və etik məsələlər” anlayışları Slovakiyanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etməməlidir.
Komissiya həmçinin xəbərdarlıq edib ki, konstitusiyada genderin yalnız ikili anlayış kimi qeyd olunması gələcəkdə cinsi orientasiya və gender identikliyi əsaslı ayrı-seçkilik kimi istifadə edilməməlidir.