

Tanınmış azərbaycanlı-niderlandlı musiqiçi Sevdalizanın Ermənistanda planlaşdırılan konserti yerli dini və mühafizəkar qrupların təzyiqi nəticəsində ləğv olunub. Sentyabrın 4-də Yerevanda baş tutmalı olan çıxışın təşkilatçıları tədbirin baş tutmayacağını açıqlayıb. O, Coca-Cola musiqi festivalı çərçivəsində səhnə alacaqdı. Bu haqda OC-Media xəbər verib.
Müğənninin çıxışı ilə bağlı narazılıqlar ilk olaraq sosial mediada özünü göstərib. Onlarla istifadəçi Sevdalizanın son musiqi klipində xristian simvolları ilə açıq səhnələrin yer almasını tənqid edərək, onun Ermənistan səhnəsində çıxış etməsini təhqir və dini dəyərlərə hörmətsizlik kimi qiymətləndirib. Bu klipdə yer alan görüntülər bir çox istifadəçi tərəfindən “müqəddəs dəyərlərə qarşı yönəlmiş hücum” kimi qəbul olunub.
Festivalın təşkilatçıları əvvəlcə bu məsələ ilə bağlı “ictimai narahatlığı eşitdiklərini və vəziyyəti qiymətləndirdiklərini” bildirən açıqlama versələr də, daha sonra qısa rəsmi məlumat paylaşaraq Sevdalizanın çıxışının baş tutmayacağını elan ediblər. Həmin paylaşımda şərh yazmaq imkanı deaktiv edilib və yaxın zamanda onu əvəz edəcək ifaçının adı açıqlanacağı qeyd olunub.
Sevdalizanın səhnəyə çıxmasına qarşı təkcə fərdi istifadəçilər deyil, həm də bəzi dini təşəbbüslər sərt mövqe sərgiləyib. “Srbazan Hayastan” (Müqəddəs Ermənistan) adlı dini təşəbbüs qrupunun yaydığı açıqlamada, bu çıxış “ölkəyə qarşı mənəvi hücum” adlandırılıb. Onlar bildiriblər ki, bu cür hadisələr “mənəvi qanunların pozulması” kimi dəyərləndirilməli və ciddi nəticələrə, hətta “müharibə və fəlakətə” səbəb ola bilər.
Bununla yanaşı, bəzi istifadəçilər sənətçinin çıxışının ləğvinə etiraz ediblər. Onların fikrincə, festival təşkilatçıları ictimai təzyiqlərə boyun əyib və incəsənətə senzura tətbiq ediblər. Onlar vurğulayıblar ki, belə hallarda sənətə və fərqli fikirlərə yer verilməli, qərarlar emosional təzyiqlərlə deyil, dəyərlər balansı ilə verilməlidir.
Məsələyə münasibət bildirən bəzi ictimai şəxslər və sənətçilər isə bu hadisəni daha geniş kontekstdə dəyərləndirərək, beynəlxalq şirkətlərin kiçik miqyaslı narazılıqlar qarşısında dərhal geri addım atmasının narahatedici tendensiyaya çevrildiyini qeyd ediblər.