Rüzgarın qətli ilə bağlı məhkəmə prosesi başlayıb

Rüzgarın qətli ilə bağlı məhkəmə prosesi başlayıb
Sosial media

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı cinayət işinin hazırlıq iclası keçirilib.

Məhkəmə, Rüzgarı qətl edən əmisi Babək İbadov barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən qüvvədə saxlayıb.

Babək İbadov ona qarşı irəli sürülmüş ittiham aktı ilə hələ tanış olmadığını əsas gətirərək işin baxışa verilməməsi və hazırlıq iclasının təxirə salınması yönündə vəsatətlə çıxış edib. Məhkəmə onun vəsatətini təmin edib və təqsirləndirilən şəxsə ittiham aktı ilə tanış olması üçün vaxt verilib.

Beləliklə, məhkəmə baxış iclası təyin etməyib və hələ ki hazırlıq iclasının təxirə salınması yönündə qərar çıxarıb.

Məhkəmə prosesi açıq formada keçirilib. Növbəti proses yanvarın 26-sına təyin edilib.

19 yaşlı kuir gənc Rüzgar ötən ilin noyabrın 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilmişdi. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.

Rüzgarın qətli Azərbaycanda LGBTQ+lərin təhlükəsizliyi və nifrət cinayətləri mövzusunu təkrar gündəmə gətirmiş, geniş ictimai müzakirələr başlamışdı. Həmin günlərdə müstəqil medialar da bu hadisəyə yönəlmiş, bir sıra tanınmış şəxslər kədər mesajları paylaşmışdı.

Məlumata görə, Rüzgar qətlindən öncə də ailəsi tərəfindən təqib edilirdi. 1987-ci il təvəllüdlü Babək İbadovun əvvəllər də məhkumluğu olduğu və qətli öncədən planlaşdırdığı bildirilirdi.

Paylaş