
Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Proses zamanı Rüzgarı (Yasin İbadov) qətl edən əmisi Babək İbadovun vəkili onun psixiatrik ekspertdən keçirilməsi üçün vəsatətlə çıxış edib.
Dövlət ittihamçısı isə vəsatət üçün əsasın olmadığını bildirərək məhkəmədən onun təmin olunmamasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra məhkəmə, cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsinin başladığını elan edərək növbəti prosesi aprelin 1-nə təyin edib.
Qeyd edək ki, Azərbaycan hüquq sistemində təqsirləndirilən şəxslərin cəzadan yayınmaq üçün psixi vəziyyətlərində problem olduğunu əsas gətirməsi və həbsxana yerinə psixiatriya xəstəxanasında müalicəyə göndərilməsi ənənəsi var. Bu halları tez-tez rüşvət iddiaları da müşayiət edir.
19 yaşlı kuir gənc Rüzgar ötən ilin noyabrın 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilib. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.