
Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı cinayət işinin növbəti prosesi keçirilib.
Bu prosesdə məhkəmənin Rüzgarın (Yasin İbadov) hüquqi varisi kimi tanıdığı anası İ.S. ifadə verib.
O, ifadəsi zamanı Rüzgarın Mingəçevirdə qiyabi formada universitet təhsili aldığını, tətil üçün onun Şamaxıya evlərinə gəlməsini gözlədiyini, sonra isə İnstaqram paylaşımından onun Türkiyədə olduğunu öyrəndiyini deyib. İ.S. qeyd edib ki, Rüzgarın Türkiyədə olduğunu öyrəndikdən sonra əmiləri onun arxasınca gediblər:
“Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”.
Məhkəmədə onun ilkin istintaqda verdiyi ifadə də elan olunub:
“Yasin cinsi azlıq nümayəndəsi idi. Onun bu hərəkətləri ailəmizdə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi, o qardaşı oğlunun cinsi azlıq olduğunu qəbul edə bilməzdi”.
Növbəti məhkəmə prosesi 4 mart, saat 17:30-a təyin olunub.
Azərbaycanda LGBTQ+lərin qətli hadisələrində hüquqi varisin qatili bağışlaması ənənələşib. 1 gün öncə qətlinin 4-cü ildönümünü qeyd etdiyimiz Əvəz Hafizlinin hüquqi varisi olan qardaşı da məhkəmədə onun qatili olan əmisi oğlu Əmrulla Gülalıyevi bağışladığını bildirmişdi. Beləcə hüquqi varisin təqsirləndirilən şəxsi bağışlaması ilə cinayətkar daha az cəza almışdı.
Azərbaycanın patriarxal hökumət aparatı və onun təsiri altında olan patriarxal məhkəmələrlə patriarxal ailələr birləşərək LGBTQ+lərin qətli hadisələrində belə, qatilin haqq etdiyi cəzanı almasına mane olmağa davam edirlər.
Xatırlatma
19 yaşlı kuir gənc Rüzgar ötən ilin noyabrın 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilmişdi. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.
Qatil Babək İbadovun əvvəllər də məhkumluq həyatı yaşadığı rəsmi olaraq açıqlanıb. Rüzgar xarici pasportunun vaxtı bitdiyindən onu yeniləmək üçün ölkəyə qayıdarkən ailəsinin hüquq-mühafizə orqanlarında işləyən tanışları vasitəsilə ölkədə olduğunu öyrəndiyinə dair iddialar da mövcuddur. Qıy Vaar!-a danışan dostları ailəsinin uzun müddətdir ki, Rüzgarı təqib etdiyini bildiriblər.
Rüzgarın qətli Azərbaycanda LGBTQ+lərin təhlükəsizliyi və nifrət cinayətləri mövzusunu təkrar gündəmə gətirmiş, geniş ictimai müzakirələr başlamışdı. Həmin günlərdə müstəqil medialar da bu hadisəyə yönəlmiş, bir sıra tanınmış şəxslər kədər mesajları paylaşmışdı.
