Rusiyada LGBTQ+ icmasına artan təqib və zorakılıqlar: nə baş verir?

Rusiyada LGBTQ+ icmasına artan təqib və zorakılıqlar: nə baş verir?

Rusiyadakı LGBTQ+ hüquqları üzrə fəal qruplarından olan Vykhod (“Coming Out”) və Sphere Foundation 2024-cü il ərzində LGTQ+lərin təcrübələrinə dair hesabat yayıb. Sorğuda 6403 nəfər iştirak edib və sorğu artan repressiya fonunda həyatın necə olduğunu əks etdirir.

Reporta əsasən 2024-ci ildə təhdid və zorakılıq artıb. Sorğuda iştirak edənlərin 14 faizi 2024-cü ildə hakimiyyət orqanlarına şikayət olunmaqla hədələndiklərini bildirib. Bu göstərici trans iştirakçılar arasında daha yüksəkdir (18 faiz). LGBTQ+ yeniyetmələr isə ən həssas qrup olaraq qalır: onların demək olar ki, hər beşindən biri (19.9 faiz) bu cür hədə-qorxularla qarşılaşıb. LGBTQ+ lərə qarşı bu xarakterdə hədələrin geniş yayılmasına baxmayaraq, sorğuda iştirak edənlərin cəmi 1 faizi onların həqiqətən də hüquq-mühafizə orqanlarına şikayət edildiyini bildirib. Şikayətlər adətən polis, İstintaq Komitəsi, Federal Təhlükəsizlik Xidməti (FSB), Ədliyyə Nazirliyi və federal senzura orqanı olan Roskomnadzora göndərilib. Digər hallarda isə onlar məktəblərə, universitetlərə, işəgötürənlərə və ya uşaq müdafiəsi xidmətlərinə şikayət ediliblər. Əksər hallarda bu cür ifşa etmələrin hüquqi nəticəsi olmayıb. Hesabatda bildirilir ki, “bunun səbəbi sübutların olmaması və ya hüquq-mühafizə orqanlarının maraq göstərməməsi ola bilər.”

Lakin, Human Rights Watch təşkilatına əsasən Rusiya məhkəmələri bu günədək 101 nəfəri guya “Beynəlxalq LGBT Hərəkatı”nda iştirak etdiklərinə və ya bu hərəkatın simvollarını nümayiş etdirdiklərinə görə “ekstremizm”lə bağlı ittihamlarla cəzalandırıb. İttihamların təxminən 98-i inzibati xəta, üçü isə cinayət məsuliyyəti daşıyan işlərə aiddir. Bu hallar Rusiya hakimiyyətinin LGBTQ+ləri və onların müdafiəçilərini cəzalandırmaq, təqib etmək və susdurmaq istəyini açıq şəkildə göstərir.

Human Rights Watch bu 101 işi məhkəmə saytları və digər rəsmi mənbələr vasitəsilə müəyyən edib. Rusiyanın 2013-cü ildə qəbul etdiyi “LGBT təbliğatı” qanunu, heteroseksual olmayan münasibətlərin pozitiv və ya neytral formada təqdim olunmasını inzibati xəta kimi tanıyırdı. Ali Məhkəmənin 2023-cü il qərarı isə hakimiyyətə ilk dəfə olaraq LGBT və müdafiəçilərini cinayət məsuliyyətinə cəlb etmək imkanı verdi.

HRW 2024-cü ilin yanvarından 2025-ci ilin iyununa qədər ən azı 20 nəfərin “Beynəlxalq LGBT İctimai Hərəkatı”nda iştirak etdikləri iddiası ilə cinayət məsuliyyətinə cəlb edildiyini aşkarlayıb. Onlardan biri istintaq təcridxanasında intihar edib, iki nəfər məhkəmə tərəfindən həbsə məhkum olunub. 17 iş isə hələ də istintaq prosessi davam edir və ya nəticəsi məlum deyil.

2025-ci il mayın 15-də istintaq orqanları iki nəşriyyatın üç əməkdaşına qarşı “ekstremist təşkilat yaratmaq və ya onun fəaliyyətində iştirak etmək” (Rusiya Cinayət Məcəlləsinin 282.2-ci maddəsi) ittihamı ilə cinayət işi açıb. Onlar LGBT mövzularını əhatə edən bədii ədəbiyyatın satışında iştirak etməkdə və bununla guya oxucuları “Beynəlxalq LGBT Hərəkatı”na “cəlb etməkdə” günahlandırılır. İttiham olunduqları təqdirdə, onlara 12 ilədək həbs cəzası verilə bilər.

HRW həmçinin 2024-cü ilin yanvarından bəri sosial mediada göy qurşağı bayrağını paylaşdıqlarına görə 98 məhkəmə işində 81 nəfərin inzibati məsuliyyətə cəlb edildiyini müəyyən edib. Bu hallar Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinə əsasən həyata keçirilmişdir. Human Rights Watch bu şəxsləri məhkəmə qərarları, rəsmi məlumatlar, hüquq-mühafizə orqanlarının açıqlamaları və insan haqları təşkilatlarının hesabatları əsasında müəyyənləşdirib.

Yoxsulluq və cinsi əmək

Vykhod və the Sphere Foundation sorğuda iştirak edənlərin 20 faizi yalnız əsas qida məhsullarını ala bildiklərini deyib. Bu, 2023-cü ildəki 22 faizlik göstəricidən bir qədər yaxşı nəticədir. İqtisadi vəziyyət xüsusilə trans sorğu iştirakçıları üçün ağır olaraq qalır. Onların 31 faizi yoxsulluq şəraitində yaşadığını bildirib.

Bütün iştirakçılarım 71 faizi sabit gəlirə malik olduğunu desə də, transların arasında bu göstərici cəmi 57 faiz təşkil edir. Tədqiqatçılar bu fərqi geniş yayılmış diskriminasiya və trans respondentlərin ümumilikdə daha gənc yaşda olması ilə əlaqələndirirlər.

İşlə təmin olunmuş şəxslər arasında da əksəriyyət milli orta göstəricidən az gəlir əldə edir. Rosstat-ın aylıq orta əməkhaqqı kimi göstərdiyi 84,000 rubl (təqribən 1826 manat, vergidən əvvəl) ilə müqayisədə:

  • İştirakçıların üçdə biri 40,000–70,000 rubl (870–1521 manat) arası gəlir əldə etdiyini,
  • Dörddə biri 70,000–130,000 rubl (1521– 2825 manat) arası gəlir əldə etdiyini,
  • 18 faizi isə sadəcə 19,000–40,000 rubl (413–870 manat) arası gəlir əldə etdiyini bildirib.

Sorğuya əsasən, 5 faizi 2024-cü ildə gəlirini seks işçiliyi vasitəsilə (pornoqrafiya və ya vebkamera modelliyi kimi fəaliyyətlərlə) qazandığını bildirib. Bu iştirakçılar qeyd ediblər ki, maddi çətinliklər səbəbilə başqa çıxış yolları olmayıb.

Sorğu iştirakçıkarın demək olar ki, yarısı (47.5 faizi) fiziki zorakılığa məruz qaldığını və ya zorakılıqla hədələndiyini bildirib. Bu, əvvəlki illə müqayisədə 4 faizlik artım deməkdir. Bu hallar ən çox trans respondentlər arasında qeydə alınıb.

Cinsi xarakterli zorakılıq halları 361 respondent (yəni 6 faiz) tərəfindən qeyd edilib. Transların isə 8 faizi cinsi zorakılıq yaşadıqlarını deyib. Əksər hallarda zorakılıq edən şəxslər zərərçəkmişlərin tanıdığı insanlar olub: iş yoldaşları, dostlar, romantik partnyorlar və ya ailə üzvləri. Bununla yanaşı sorğuda iştirak edənlərin 2 faizi (əsasən Şimali Qafqazdan olanlar) konversiya terapiyasına məruz qaldıqlarını bildirib. Buna məcburi psixiatr terapiyaları, dini liderlərlə görüşlər, özlərinin razılığı olmadan zorla xəstəxanaya yerləşdirilmə, dini ayinlər və “cin çıxarma” mərasimləri daxildir.

Ümumilikdə, hesabat göstərir ki, dövlət senzurası və cəmiyyətin düşmən münasibəti bir çox LGBTQ+ susmağa məcbur edib. Sorğu iştirakçılarının 88 faizi LGBTQ+ məsələlərinə qarşı yönəlmiş senzuranın təsirini hiss etdiklərini bildirib. 85 faizi isə cəmiyyətdə homofob və transfob münasibətlərin artdığını qeyd edib. 91 faiz isə cinsi orientasiyası, gender kimliyi və əlaqəli mövzularda başqaları ilə danışarkən özünü senzura etdiyini deyib.

Bu təzyiqlər təəssüf ki, səhiyyə sahəsinə də təsir göstərib. Respondentlərin yalnız 22 faizi 2024-cü ildə həkimə öz cinsi orientasiyası və ya gender kimliyi barədə açıq məlumat verdiyini bildirib. Təxminən üçdə biri (29 faiz) diskriminasiya qorxusuna görə heç olmasa bir dəfə tibbi yardım axtarmaqdan imtina etdiyini bildirib. Hesabat müəllifləri bu dəyişiklikləri dövlət tərəfindən artan təzyiqlərlə əlaqələndirir.

Hüquq müdafiəçilərinə məhdudiyyətlər

Rusiya hakimiyyəti “beynəlxalq LGBT hərəkatı”nı “ekstremist” elan etdikdən sonra, insan haqları təşkilatları LGBTQ+ insanlarını açıq şəkildə dəstəkləmək imkanından məhrum olub. Hesabatda sitat gətirilən fəallara görə, son bir il yarım ərzində bir çox kuir üçün təhlükəsiz məkanlar bağlanıb.

2024-cü ildə təqiblərlə əlaqədar miqrasiya, sığınacaq və təxliyə ilə bağlı kömək müraciətlərində kəskin artım qeydə alınıb. Daimi stress, polis reydləri və cinayət təqibləri səbəbilə psixoloji dəstəyə tələbat da nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu hallar təkcə Rusiya vətəndaşı olan kuirləri deyil, həm də qonşu ölkələrdən Rusiyaya miqrasiya etmişlərə də təsir göstərir. “Trans Koalisiya”nın məlumatına görə, Qırğızıstan vətəndaşı olan bir trans qadın Rusiyada qalma qaydalarını pozduğu üçün saxlanılıb. Onun sözlərinə görə, trans qadın olmasına görə Qırğızıstan geri göndərilmək ehtimalı onu qorxudub və bu səbəbdən oturum icazəsini yeniləyə bilməyib. Rusiyada məhkəmə onun deportasiyasına qərar versə də, pasportunda “kişi” cinsi yazıldığı üçün qanunsuz olaraq təcridxanaya yerləşdirilib. Bildirilir ki, Qırğızıstan səfirliyinin nümayəndələri onun xarici görünüşü və hormonal müalicə keçdiyi üçün şəxsiyyətinə şübhə ediblər.

Yalnız dörd ay sonra trans qadın hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların köməyi ilə vəkil tapa bilib. Təcridxanada yetərincə qidalana bilmədiyi üçün mədə problemləri yaranıb və xəstəxanaya yerləşdirilməli olub. Daha sonra məhkəmə deportasiya qərarını yeniləyib. Barmaq izləri ilə şəxsiyyəti təsdiqlənsə də, səfirlik əlavə olaraq foto təsdiqi tələb edib. Nəticədə hüquq müdafiəçiləri trans qadının şəxsiyyətini təsdiqləyə biləcək şahidlər tapıb və o, 16 iyun 2025-ci ildə Rusiya Federasiyasını tərk etmək icazəsi alaraq vətəninə qayıdıb.

Mənbələrə keçid: [1], [2], [3]

Paylaş