Qazaxıstanda LGBTQ+ məzmununa qadağa: Rusiyanın izindən gedən yeni qanun

Qazaxıstanda LGBTQ+ məzmununa qadağa: Rusiyanın izindən gedən yeni qanun
Esquire Kazakhstan

Qazaxıstan parlamentinin aşağı palatası – Məclis noyabrın 12-də internet, media və ictimai məkanlarda “qeyri-ənənəvi cinsi oriyentasiya təbliğatını” qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib. Qanun “uşaqları və yeniyetmələri mənfi rəqəmsal məzmundan qorumaq” məqsədi daşıyırmış kimi təqdim olunsa da, beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları onu LGBTQ+ icmasına qarşı diskriminasiya olaraq qiymətləndirirlər.

Layihəyə əsasən, “LGBTQ+ təbliğatı” kimi şərh edilən məzmunu yayan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər. Əgər şəxs bu halları təkrarlayarsa 10 günədək həbs cəzasına məruz qoyula bilər.

Qanun parlamentin üst qanadı olan Senatın və Prezident Qasım-Comərd Tokayevin təsdiqindən sonra qüvvəyə minəcək. Tokayevin özü isə son aylarda “ənənəvi dəyərlərin qorunması” çağırışlarını gücləndirib.

Qanunu təqdim edən deputat Elnur Beysenbayev bildirib ki, dəyişikliklər “ictimai yerlərdə pedofiliya və qeyri-ənənəvi oriyentasiyanın təbliğini” yasaqlayır və məqsəd “gənclərin şüurunu zərərli təsirlərdən qorumaqdır”. Onun sözlərinə görə, bu təşəbbüs “ictimai dəstək” qazanıb və “beynəlxalq təcrübəyə uyğundur”.

Lakin insan haqları müdafiəçiləri bu iddialarla razılaşmır. Onların fikrincə, Qazaxıstan Rusiyanın repressiv “LGBTQ+ təbliğatı” qanunu ilə tamamilə bənzər formada bir qanun çıxarır və bu, ölkədə ifadə azadlığını məhdudlaşdıracaq, LGBTQ+ icmasının təhlükəsizliyinə ciddi təhdid yaradacaq. Beynəlxalq insan haqları təşkilatlar xəbərdarlıq edirlər ki, belə qanunlar cəmiyyət daxilində nifrət ritorikasını gücləndirir və insanları cinsi oriyentasiyasına görə təqib riskinə məruz qoyurlar.

Qanun qəbul olunarsa, o, təhsil, media, kino, mədəniyyət və rabitə sahələrini əhatə edəcək doqquz əsas qanuna dəyişiklik gətirəcək. Bu isə Qazaxıstanda kuir sənətçilərin, jurnalistlərin və insan haqları fəallarının fəaliyyətini daha da çətinləşdirə bilər.

Qazaxıstanın bu addımı regionda artan konservativ tendensiyaların davamı kimi qiymətləndirilir. Rusiyada 2013-cü ildən bəri qüvvədə olan oxşar qanun nəticəsində yüzlərlə LGBTQ+ fəalı və jurnalist ölkəni tərk etməyə məcbur olub.

LGBTQ+ aktivistləri tez-tez qeyd edirlər ki, “uşaqları qorumaq” bəhanəsi ilə qəbul edilən bu kimi qanunlar əslində kuir insanların görünməz hala salınmasına və onların cəmiyyət içində susqun boz çoxluq halına gətirilməsinə xidmət edir.

Qazaxıstanda qanunun qüvvəyə minməsi üçün hələ Senat və prezident mərhələsindən keçməsinə ehtiyac olsa da ölkədəki avtokratik idarəçilik səbəbindən bu qanunun qəbul olunacağı indidən aydın görünür. Ölkənin bu addımı isə həm də Orta Asiyada LGBTQ+ azadlıqları üçün təhlükəli presedent yarada bilər.

Paylaş