

Qazaxıstanda hökumətə yaxın “Milli Rifah Fondu” (NEP) tərəfindən 30 iyulda keçirilmiş sorğuda iddia olunub ki, respondentlərin 67,3 %-i LGBTİ təbliğatının məhdudlaşdırılmasını dəstəkləyir. Mənbələr açıqlanmasa da, bəzi deputatlar həmin nəticələrə istinad edərək müvafiq qanunvericilik üzərində işləməyə hazırlaşdığını deyiblər. Bu qanun layihəsinə əsasən LGBTI ilə bağlı məzmunların televiziyada, radio və rəqəmsal platformalarda tamamilə qadağan olunmasını nəzərdə tutur.
Sentyabrın 2-də bir neçə beynəlxalq insan haqları təşkilatı Qazaxıstanda son yeniliklərlə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar. ILGA-Europe, FIDH (Beynəlxalq İnsan Haqları Federasiyası), IGLYO (Beynəlxalq LGBTQİ Gənclər və Tələbə Təşkilatı), OMCT (İşkəncələr Əlehinə Dünya Təşkilatı), IPHR (Beynəlxalq İnsan Haqları Tərəfdaşlığı), TGEU (Trans Avropa və Mərkəzi Asiya Təşkilatı) təşkilatları bildiriblər ki, belə bir addım azad ifadə, ayrı-seçkilikdən qorunma və informasiyaya çıxış kimi fundamental hüquqlara ciddi zərbə vuracaq. Təşkilatlar Qazaxıstan hökumətini və parlamentini öz konstitusiya öhdəliklərinə və BMT-nin 2024–2025-ci illərdə keçirilən Universal Periodic Review (UPR) dövründə qəbul etdiyi tövsiyələrə əməl etməyə çağırıblar.
Bəyanatda xatırladılıb ki, beynəlxalq təcrübə bu tip qanunların uşaqları qorumaq əvəzinə əksinə, LGBTI gənclər üçün damğalanma, zorakılıq, psixoloji travma və intihar riskini artırdığını göstərir. Məsələn, BMT-nin Uşaq Hüquqları Komitəsi Rusiyanın oxşar qanunlarını uşaqları qorumaq adı ilə tətbiq edilsə də, əslində diskriminasiya və zorakılıq mühitini gücləndirdiyini vurğulayıb.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, Qazaxıstan UPR prosesi çərçivəsində LGBTI şəxslərin diskriminasiyadan və zorakılıqdan qorunması, müxtəlifliyə dözümlülüyün təşviqi və bərabərliyin təmin olunması kimi bir sıra öhdəliklər götürüb. Yeni qanun təşəbbüsü isə bu öhdəliklərin tam əksinə gedir.
Təşkilatlar hökumətə və parlamentə müraciət edərək belə qanun layihəsini tamamilə rədd etməyə, konstitusiyada təsbit olunmuş bərabərlik və ifadə azadlığı prinsiplərinə sadiq qalmağa və LGBTİ+lərin vətəndaş cəmiyyətində iştirakını təmin etməyə çağırıblar.