
Mahaçqalada hüquq-mühafizə orqanları 28 yaşlı, kuir kimliyini açıq şəkildə ifadə edən Qazaxıstan vətəndaşını təxminən üç ay nəzarətdə saxladıqdan sonra Qazaxıstana geri göndərib. O, tanışının şikayəti əsasında saxlanılıb.
OC-Media yazır ki, hadisə barədə məlumatı zərərçəkən “Ostorojno, Novosti” Telegram kanalına danışıb.
Murad (şərti ad) bildirib ki, 2025-ci ilin noyabrında qohumlarını ziyarət etmək üçün Dağıstana gəlib. Onun sözlərinə görə, dostları, o cümlədən özünü açıq şəkildə kuir kimi tanıdan Timur (şərti ad) da ona qonaq gəlib.
Növbəti gün cinayət axtarış şöbəsinin əməkdaşları Muradın evinə gəlib. Onlar bildiriblər ki, Timur Muradın mənzilində döyüldüyünü iddia edərək polisə müraciət edib.
Murad ittihamları rədd etdiyini deyib. Buna baxmayaraq o, polis bölməsinə aparılıb. Orada ondan mobil telefonunun kilidini açmaq tələb olunub. İmtina edəcəyi halda cihazın məhkəmə ekspertizasına göndəriləcəyi bildirilib. Elə bundan sonra Murad telefonunun şifrəsini polislərə verib.
Polis onun şəxsi yazışmalarını və sosial şəbəkə hesablarını yoxlayıb. Üç il əvvəl bir tanışına intim fotolar göndərdiyi yazışmanı aşkarlanıb. Muradın sözlərinə görə, cihazında yetkinlik yaşına çatmayan şəxslərlə bağlı pornoqrafik material olmadığı halda, onu belə ittihamla hədələyiblər. Murad bildirib ki, ona yaxınlarına zəng etməyə icazə verilməyib və fotoları göndərdiyi şəxs barədə sorğu-sual aparılıb.
Muradın sözlərinə görə, döyüldüyünü iddia edən Timur polisə onun ünvanını verib və onu uşaqlarla bağlı pornoqrafiya hazırlamaqda ittiham edib. O həmçinin bildirib ki, dindirmə zamanı əməkdaşlar təhqiramiz zarafatlar edib və ona cinsi xarakterli təkliflər irəli sürüblər. Onun Qazaxıstan vətəndaşı olduğu müəyyən edildikdən sonra tibbi müayinəyə göndərilib.
Murad polis əməkdaşının qanuni tələbinə tabe olmama ittihamı ilə iki sutka inzibati qaydada saxlanılıb. Daha sonra Muradın Rusiyadan deportasiyası barədə qərar çıxarılıb. Apellyasiya şikayəti isə təmin olunmayıb. O, 76 gün saxlanma mərkəzində qaldıqdan sonra Qazaxıstana göndərilib. Qohumları, Qazaxıstan nümayəndələri və vəkilləri onun harada saxlanıldığı və hüquqi statusu barədə dəfələrlə sorğu göndərsələr də, cavab ala bilməyiblər.
Dağıstanda bu cür saxlanmalar barədə məlumat 2025-ci ilin mayında porno bloger Matvey Volodinin saxlanılmasından sonra yayılıb.
İddialara görə, təhlükəsizlik əməkdaşları onun telefonundan istifadə edərək yerli kişiləri saxta görüşlərə dəvət ediblər. Həmin şəxslər saxlanılıb, döyülüb, təhqir edilib və cinayət işi ilə hədələniblər. Onlara qarşı ən çox pornoqrafiya yayılması maddəsi tətbiq olunub. Şəhər kafelərinin də belə saxlanmalar üçün istifadə edildiyi bildirilir. İnsanlar ya saxta görüşlərdən, ya da küçədən polis ovuna tuş gələrək bölmələrə aparılıblar.
Volodinin saxlanılmasından sonra onun adı ilə açılmış hesablardan kuirlərə kirayə mənzillərə dəvətlər göndərildiyi iddia olunur. Həmin mənzillərdə təhlükəsizlik əməkdaşlarının onları qarşıladığı, telefonlarını götürdüyü və kontaktlarını yoxladığı bildirilir.
Zərərçəkənlərdən biri ölkəni tərk edib və Daxili İşlər Nazirliyinin təxribatları barədə RFE/RL-ə danışıb.
Bu hadisələr Rusiyada kuir icmasına qarşı təzyiqlərin artdığı dövrə təsadüf edir.
2024-cü ilin noyabrında Rusiya “Beynəlxalq LGBT Hərəkatını” qadağan edib. 2025-ci ilin martında isə LGBTQ+ hərəkatını ekstremist və terrorçu təşkilatlar siyahısına daxil edib. Hakimiyyət bu hərəkatın sosial və dini ziddiyyətləri təşviq etdiyini iddia edir. Hüquqşünaslar və insan haqları müdafiəçiləri bu qərarların qanunsuz olduğunu bildirirlər.
