
İLGA-Avropa tərəfindən hazırlanan Göy qurşağı Xəritəsi (Rainbow Map), hər il Avropadakı 49 ölkədə LGBTQ+ hüquqlarının vəziyyətini müşahidə edir. Bəzi ölkələrdə hüquqi və sosial cəhətdən hələ də ciddi əngəllər davam edir. Buna görə də bu regionlarda vəziyyəti diqqətlə araşdırmaq və beynəlxalq diqqət çəkmək əhəmiyyətlidir.
Bu yazıda sizlərə Qafqaz və Postsovet ölkələrində, LGBTQ+ hüquqlarının nə yerdə olduğunu, həmçinin, 2024-2025 aralığında nələrin dəyişdiyini göstərəcəyik.
Estoniya bu il 21-ci yerdə qərarlaşıb. Bu, ötən ildən bir pillə irəliləyiş demək olsa da, 2024–2025 aralığında 0,23% azalma qeydə alınıb.
Moldova isə əvvəlki illə müqayisədə sıralamasını qoruyub və 25-ci yerdə qərarlaşıb. Lakin göstəricilərdə 0,93% azalma var.
Türkiyə, Ermənistan, Ukrayna, Azərbaycan və Rusiya üzrə heç bir yeni qanunvericilik təşəbbüsü olmayıb, sıralamalar dəyişməyib. Türkiyə 47-ci, Ermənistan 46-cı, Azərbaycan 48-ci, Rusiya isə 49-cu yerdə qərarlaşıblar. Sadəcə Ukrayna 40-cı yerə yüksələrək bir pillə daha irəlidə dayanıb.
Latviya bu il 34-cü yerdə qərarlaşıb. Ötən illə müqayisədə 4 pillə irəliləyib və göstəricilər 1,77% artıb. Bu müsbət dəyişiklik 9 noyabr 2023-cü ildə parlament tərəfindən qəbul edilən qanunla bağlıdır. Qanun iki yetkin şəxsin notarius vasitəsilə rəsmi tərəfdaşlıq münasibətlərini qeydiyyata almasına imkan verir və artıq 1 iyul 2024-cü ildən qüvvəyə minib.
Litva bu il 36-cı pillədədir. Yəni, ötən illə müqayisədə 1 pillə aşağı enib. 2024-2025 aralığında 3,52% azalma müşahidə olunur.
Bununla belə, 18 dekabr 2024-cü ildə Konstitusiya Məhkəməsinin qərarı ilə eynicinsli münasibətləri əks etdirən ictimai məlumatların yayılmasına qoyulan qadağa ləğv edilib. Bu, ölkədəki azsaylı müsbət dəyişikliklərdən biri hesab olunur.
Bundan əlavə, 2023-cü ilin iyulunda Litva Baş Prokurorluğu gender kimliyi və oriyentasiyaya qarşı nifrət cinayətlərinə dair metodiki göstərişlər qəbul edib. Bu göstərişlərə baxmayaraq, onların praktikada tam və effektiv şəkildə tətbiq olunmaması gender əsaslı zorakılıq hallarının lazımi şəkildə araşdırılmamasına səbəb olur. Bu da Litvanın geriləməsinə təsir edən əsas amillərdəndir.
Gürcüstan isə 2025-ci ildə ciddi geriləmə ilə diqqət çəkir. Bu il 44-cü pilləyə enməsi, ötən ilə nisbətən 7 pillə geriləməsi mənasına gəlir. Bu da, 2024-2025 aralığında 13,42% azalma deməkdir.
Aprel ayında Parlament “gender, gender kimliyi və ifadə” anlayışlarını qanunvericilikdən çıxaran qanun layihəsini qəbul edib.
Bundan əlavə, 2024-cü ilin dekabrında qüvvəyə minmiş “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların qorunması haqqında” qanun trans icmanın hüquqi tanınmasını faktiki olaraq mümkünsüz edib və ifadə azadlığını məhdudlaşdırıb.
Eynicinsli münasibətlərin açıq ifadəsi, ictimai tədbirlər və maarifləndirici fəaliyyətlər də bu qanunla qadağan olunub.
Bununla yanaşı, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi vətəndaş cəmiyyətinə əlavə təzyiqlər yaradıb. Bütün bu dəyişikliklər Gürcüstanda insan hüquqları və bərabərlik prinsiplərinin zəifləməsinə səbəb olub.
Belarusiya isə bu il də 45-ci yerdə qərarlaşıb. Sıralama dəyişməsə də, göstəricilərdə 1% azalma baş verib. Mart ayında qəbul edilən yeni inzibati dəyişikliklərlə trans icmanın hüquqi tanınması çətinləşdirilib. Mədəniyyət Nazirliyinin 19 mart 2024-cü il tarixli qərarı ilə LGBTI məzmunlu materiallar “pornoqrafiya” kimi təsnif edilib. Bu səbəbdən, cinsiyyət keçidi və hüquqi tanınma üçün müraciət edən şəxslər polis tərəfindən “pornoqrafiyanın yayılması” iddiası ilə təqib riski ilə üzləşirlər. Beləliklə, hüquqi prosedurlar hüquqi təhlükəyə çevrilib və trans icmanın hüquqlara çıxışı ciddi şəkildə zəifləyib.