

ILGA-Europe beynəlxalq təşkilatının 2024-cü il üzrə hesabatının üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan, Ermənistan – indekslərini və bu üç ölkədə LGBTQ+ haqlarına dair bir sıra müxtəliflikləri paylaşırıq.
48 Avropa ölkəsini əhatə edən edən hesabatda Gürcüstan 36-cı, Ermənistan 45-ci, Azərbaycan 47-ci yerdə qərarlaşıb. Sonuncu yerdə isə Azərbaycanla arasında kiçik fərq olan Rusiya var. Digər qonşu Türkiyə isə 46-cı yerdir.
Hesabatın Azərbaycanla bağlı maraqlı hissəsi 2015-ci ildən etibarən illik qiymətləndirmədə sonuncu yerdə qərarlaşan ölkənin 9 il sonra bu yeri Rusiyaya ötürməsi olub.
Lakin Azərbaycanın bir pillə yüksəlməsi heç də LGBTQ+ haqları ilə bağlı vəziyyətin ötən dövrlə müqayisə daha da yaxşılaşması mənasına gəlmir. Hesabatda o da əks olunub ki, 2023-ci illə müqayisədə 2024-cü ildə ölkədə LGBTQ+ haqları bir qədər geriləyib.
Azərbaycanda vəziyyət son 12 illə müqayisədə ən pis həddədir.
2013-cü ildən etibarən “Göyqurşağı Xəritəsi” başlığı ilə ölkələrin illik qiymətləndirməsini yayımlayan ILGA-Europe bu dövr ərzində Azərbaycanda ən pis vəziyyəti 2024-cü ildə qeydə alıb.

Üç Cənubi Qafqaz ölkəsi üzrə bir sıra oxşarlıq və müxtəliflikləri təqdim edirik:
- Konstitusiyada tanınma: Heç birində.
- Ad dəyişdirmə haqqı: Gürcüstan və Ermənistanda.
- Genderin hüquqi olaraq tanınmasını mümkünsüz edən heç bir qanun yoxdur: Hər üç ölkədə.
- LGBTQ+lar qan verə bilər: Təkcə Ermənistanda.
- Qanunda nifrət cinayəti var (cinayət cinsi oriyentasiya səbəbindən həyata keçirilərsə): Təkcə Gürcüstanda.
- Qanunda nifrət nitqi var (nitqlə cinsi oriyentasiyası səbəbindən fərdlər hədəf alınarsa): Heç birində.
- İctimai birliklər fəaliyyət göstərir, birlik yaradılmasına dövlət maneəsi yoxdur: Gürcüstan və Ermənistanda.
- Cinsi oriyentasiyanı əhatə edən mövzularda sistemli işləyən insan haqları institutu var: Təkcə Gürcüstanda.

ILGA 160 ölkə və bölgədən LGBTQ+ təşkilatlarını çətiri altında cəmləşdirən və lezbiyan, gey, biseksual, trans, interseks fərdlərin insan haqları üçün kampaniya aparan beynəlxalq təşkilatdır. Bu sahədə dünyada ən böyük təşkilat olan ILGA adının açıqlaması “International Lesbian and Gay Association” – “Beyəlxalq Lezbiyan və Gey Asossaiyası”dır. ILGA-Europe isə bu təşkilatın Avropa və Mərkəzi Asiya ölkələri üzrə fəaliyyət göstərən qoludur.