
Azərbaycanda LGBTQ+ icması üzvləri polis hədə-qorxusu və rüşvətlə üzləşiblər.
LGBTQ+ icmasının üzvləri bildirir ki, Bakı və Sumqayıtda polis tanışlıq tətbiqləri vasitəsilə onları müəyyən edir, onların Whatsapp hesablarını tələb edərək kimliklərini müəyyənləşdirirlər, bu məlumatlardan istifadə edərək şantaj edirlər.
Zərərçəkənlər bölməyə çağırılaraq yazışmaların və şəxsi görüntülərin göstərildiyini, daha sonra isə onlardan bir neçə min AZN tələb olunduğunu qeyd ediblər.
Qıy Vaar! üçün danışan zərərçəkənlərdən biri iddia edir ki: “Şantajçı polis mənə “Hornet” tətbiqi vasitəsilə yazdı. Bir az söhbətləşdikdən sonra “WhatsApp”-a keçməyimizi istədi. Şəkil istədi, mən də atdım. O da mənə bir neçə intim foto göndərdi. Həmin gün heçnə olmadı. İki gün sonra mənə polisdən zəng gəldi və kibercinayətkarlıqla bağlı bir şey olduğunu, mənim sadəcə imza atmalı olduğumu deyib çağırdılar. Mən şöbəyə getdim və nə baş verdiyini anlamadan həmin gün atdığım şəkilləri və mesajları mənə göstərib 400 manat istədilər.” Adının anonim qalmasını istəyən respondentin iddiasına görə, pulu verməyəcəyi təqdirdə söhbətin ailəsinə qədər gedəcəyini bildiriblər. Eyni şəkildə başqa bir tanışından da polislərin 1000 manat aldığını əlavə edir.
Bir digər anonim zərərçəkən isə deyir ki, ona da eyni şəkildə “Hornet”dən tanış olduğu adam “daha səmimi” tanışlıq üçün “WhatsApp”-a keçməyi təklif edib:
“Sonra məndən şəkil istədi. Bir az sonra mənə zəng edib şöbəyə çağırdılar və “pornoqrafik materialları qanunsuz yayma” adı ilə 500 azn aldılar. Əks halda 48 saat nəzarətdə qalmalı idim. Söhbətin yayılmasından qorxub məcburən ödədim.” – deyir.
Platformamıza daxil olan iddialara əsasən zərərçəkənlərə verilən nömrələr arasında xarici nömrələr də yer alır. Adının anonim qalmasını istəyən bir digər respondentimiz deyir ki, bir tanışlıq saytı istifadəçisi o yazıb və intim şəkil istəyib. Biraz danışdıqdan sonra ona gecə görüşmək istədiyini deyib:
“Amma nömrə xarici idi və gecə mesaj çatmadı deyə görüşmədik. Ertəsi gün polisdən zəng gəldi. Dedilər, sənin nömrənlə hansısa kart hesabına müdaxilə olub. Sonra bildirdilər ki, yazışdığım adam bıçaqlanıb. Daha sonra mənim intim şəkillərimi göstərib evimə və iş yerimə bildirib biabır etməklə hədələdiləyib 800 manat istədilər. Kredit götürüb verdim və hələ də o krediti ödəyirəm.”
Zərərçəkənlərin hər birinin hadisəni hüquqi zəminə daşımaqdan çəkindiklərini bildirməkdə fayda var.
“Bu tip hallar, əsasən, ictimailəşdirilmir və hətta bəzən ümumiyyətlə LGBTQİ+ hüquq təşkilatlarına və aktivistlərə belə bu barədə informasiya gəlmir. Ölkədə LGBTQİ+lara qarşı epidemik səviyyədə diskriminasiya var, bu da öz növbəsində LGBTQİ+ların stiqmatizasiyasına səbəb olur. Stiqmatizasiya və eyni zamanda, LGBTQİ+ları qoruyan heç bir qanunun olmaması və medianın qorxu mühiti yaratması, hüquq-mühafizə orqanlarının LGBTQİ+lara qarşı hüquq pozuntularında iştirak etməsi LGBTQİ+ların başına gələnləri ictimailəşdirməməsinə gətirib çıxarır. Başqa sözlə, hüquqları qorumalı olan orqan vəzifəsindən sui-istifadə edərək ölkədəki LGBTQİ+lara qarşı nifrət və diskriminasiyadan faydalanmaq üçün şantaj yoluna əl atıb kuirlərdən pul qoparmağa çalışır. Polis, hətta deyərdim ki, LGBTQİ+lar da bilirlər ki, kurilərə heç kim ‘yiyə durmayacaq’ – nə vətəndaş cəmiyyəti (əgər azadlıqda kimsə qalıbsa), nə media, nə LGBTQİ+ların ailələri. Bunun da nəticəsi olaraq, LGBTQİ+lar şikayət etmirlər – “sənə, yar, səndən, yar, şikayətim var” heç bir nəticə vermir.” Bunları LGBTQİ+ hüquq müdafiəçisi Vahid Əliyev deyib.
Azərbaycan 9 ildir LGBTQİ+ların hüquqlarının qorunması üzrə ILGA Avropa təşkilatının göy qurşağı reytinqində 49 ölkə arasında sonuncu yeri tutur. Azərbaycandakı LGBTQİ+ icması müntəzəm olaraq repressiya ilə üzləşərkən hökümət bu halın qarşısını almaq üçün tədbir görmür.
Hadisəni izləməyə və aydınlaşdırmağa davam edəcəyik.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.

Ploretar ördək
Xəbər yazmağı və araşdırmağı sevir. Virtual deyil, anonimdir.