
Niderlandda yaşayan trans qadın Anna Azərbaycandan sığınacaq axtarmaq üçün qaçmağa məcbur qalıb.
O, Bakıda yaşadığı dövrdə transfobik münasibətlər və polis zorakılığı ilə üzləşdiyini, məhz bu səbəbdən ölkədən çıxmalı olduğunu bildirir. Hazırda Niderlandda immiqrasiya statusu uğrunda mübarizə aparan Anna, yerləşdirildiyi AZC (Sığınacaq Axtaranlar Mərkəzi) düşərgələrində, xüsusilə Amsterdam WL və Heerlen mərkəzlərində qeyri-insani rəftar, psixoloji təzyiqlər və əsassız cəzalarla üzləşdiyini deyir.
Onun sözlərinə görə, KoA (Centraal Orgaan Opvang Asielzoekers) tərəfindən izolyasiyaya alınması psixiatrın xəbərdarlıqlarına baxmayaraq baş verib. Əvvəlki düşərgədəki şəraitlə bağlı etdiyi şikayətlər isə laqeydliklə qarşılanıb və təhrif olunaraq “aqressiv davranış” kimi sənədləşdirilib.
Anna əlavə edir ki, 2021-ci ildə Azərbaycanda polis tərəfindən fiziki və psixoloji işgəncələrə məruz qalıb. Bu hadisələr sığınacaq dosyesində qeyd olunub və o vaxtdan bəri PTSD (posttravmatik stress pozuntusu) diaqnozu ilə müalicə alır.
Bundan başqa, AZC rəhbərliyi və KoA rəsmi sənədlərin vaxtında çatdırılmasına məsul olduqları halda, Anna bildirir ki, ona aid məktublar ya ümumiyyətlə təqdim olunmayıb, ya da həftələrlə gecikib. Bu isə hüquqi baxımdan ciddi pozuntu hesab olunur.
Bu məsələ ilə bağlı şikayət etdikdən sonra Anna düşərgədən uzaqlaşdırılıb və başqa bir mərkəzə köçürülməsi qərarı verilib. Halbuki KoA və AZC yalnız aşağıdakı halda məhdudmüddətli “location ban” (yerə giriş qadağası) tətbiq edə bilər:
“Əgər sığınacaq axtaran şəxs dəfələrlə təhlükəli, aqressiv və əməkdaşlıqdan imtina edən davranışlar sərgiləyibsə.”
Bununla belə, bu cür tədbirlər rəsmi şəkildə sənədləşdirilməli və şəxsin psixoloji vəziyyəti nəzərə alınmalıdır. Anna-nın psixiatrı isə bildirir ki, tətbiq olunan izolyasiya onun vəziyyətini daha da ağırlaşdıra bilərdi. Bu səbəblə KoA-nın qərarı qeyri-proporsional və hüquqa zidd hesab olunur.
Hazırda Anna düşərgədən uzaqlaşdırıldığı üçün müvəqqəti olaraq dostunun evində qalır və yeni mərkəzə, məsələn, Almere şəhərinə hələ yerləşdirilməyib. O, yalnız fərdi mənzil (woning) verildiyi halda oraya getməyə hazır olduğunu deyir. Çünki müalicəsi və psixiatri Amsterdama bağlıdır və Anna şəhərdən uzaqlaşdırılmağın sağlamlığına mənfi təsir göstərəcəyini düşünür.
KoA tərəfindən təqdim olunmuş sənədlərə əsasən, 18 iyul 2025-ci ildə baş vermiş hadisəyə görə Annaya 1 həftəlik “ROV 04 time-out” tədbiri tətbiq olunub. Lakin bu qərar verilərkən psixiatrın əvvəlki xəbərdarlıqları nəzərə alınmayıb. Nəticədə Anna həmin gün ağır emosional pozğunluq yaşayıb və intihar düşüncələri ilə üzləşib.