
Oktyabrın 3-də Naxçıvan Ali Məhkəməsində 4 nəfərin təcavüzünə məruz qalan 15 yaşlı uşağın işi üzrə hakim Fərman Abbasovun sədrliyi ilə daha bir məhkəmə prosesi keçirilib. Bu dəfə təqsirləndirilənlərdən biri olan hərbçi Əsədov Səbuhi Səməd oğlunun işinə baxılıb.
Zərərçəkənin atası Novruz Musayev Meydan TV-ə verdiyi müsahibədə bildirib ki, məhkəmə Səbuhi Əsədovun cəza müddətini 1 ildən cəmi 2 ilə qaldırmaqla qərar çıxarıb. Ata meydan TV-ə olan müsahibəsində deyir ki, prosedur uzadılır və istintaq sənədləri bir idarədən digərinə göndərilir.
“Mən uşağın hüquqi nümayəndəsiyəm. Müstəntiqə dedim ki, cinayət işinə xitam verilməsi barədə sənədin surətini mənə verin. Dedi, işi Hərbi Məhkəməyə göndərmişik. Hərbi Məhkəmə isə dedi ki, biz Ali Məhkəməyə göndərmişik. Sənədi niyə gizlədirlər, niyə bu işi bağlayırlar, anlamıram.” – deyə Musayev bildirib.
Qeyd edək ki, Naxçıvanda yeniyetmənin təcavüzə məruz qalması ətrafında cərəyan edənlər təkcə bir uşağın deyil, bütün cəmiyyətin faciəsidir. Bu hadisə ölkənin zorakılıq edənlərin qorunduğu, səsini qaldıranlarsa susdurulduğu ədalət sisteminə güzgü tutmaqdadır. Məhkəmə ədalətini itirdikdə zorakılığın sistemə çevrildiyi bir daha özünü nümayiş etdirməkdədir.